Qubadlıda ilk su elektrik stansiyası tikilir

Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası (SES) tikilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.

“AzərEnerji”dən “İki sahil”ə bildirilib ki, stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 kilometr olan derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd “Frensis” tipli turbinlə təchiz olunacaq “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

“Eyvazlı” SES “AzərEnerji” tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerji sisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da işğaldan azad edilmiş ərazilərdə yaşıl hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl enerjinin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.