Parlamentdə bu şəxslərin cəzalarının ağırlaşdırılması təklif edildi
Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edərək bir sıra önəmli məsələlərə toxunub.
Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə çıxarılan layihələrlə bağlı ətraflı məlumat verib:
“Sadəcə, bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Başda Sabir Məmmədov olmaqla, mənim də yaxından tanıdığım, xaricdə təhsil almış gənc istedadlı vəkillər bir petisiya imzalayıblar. Bu yaxınlarda biz inzibati hüquqpozmalar haqqında qanunvericilikdə də bu dəyişikliyi müzakirə edirik, ona görə bu məsələni uyğun bilib qaldırdım. Onların müraciətindən sonra 7000 nəfərə qədər insan petisiyanı imzalayıb. Bir itin vəhşicəsinə öldürülməsi ilə bağlı cəmiyyətdə böyük rezonans doğuran və narazılıq yaradan bir hadisə baş verdi. Sonra oxuduq ki, həmin daxili işlər orqanları tərəfindən şəxs müəyyənləşdirilib və 25 gün müddətində həbs olunub. İnzibati Xətalar Məcəlləsində, inzibati qaydada həbs müddəti maksimum 3 aydır. Amma həmin məcəllənin 274-cü maddəsində heyvanlarla amansızcasına davranılması nəticəsində onlar öldürülürlərsə, onlara işgəncə verilirsə, burada həm 1500 manatdan 2000 manata qədər cərimə, yaxud 1 ay müddətində inzibati həbs nəzərdə tutulur”.
Qüdrət Həsənquliyev bununla bağlı müraciətə diqqət çəkib:
“Müraciət edənlərin də xahişi ondan ibarətdir ki, ən azı ya bu şəxslər barəsində heç olmasa sanksiya sərtləşdirilərək 3 ay inzibati qaydada həbs verilsin, yaxud da bu, ümumiyyətlə, cinayət əməli kimi qeyd olunsun. Onlar kifayət qədər əsaslandırırlar ki, bu cür qəddar insanlar təkcə heyvanlar üçün yox, elə cəmiyyət üçün də təhlükəlidir. Həqiqətən də bu tip əməllərə görə cəzanı sərtləşdirmək lazımdır və mən də onlarla həmrəyəm və ona görə də bu məsələni diqqətinizə çatdırmağı lazım bildim”.
