Xankəndiyə qürurverici səfər və ermənilərin Kərki xofu

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri həyata keçirilib. Qürurverici mənzərədir. Özü də bu, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura sayca 22-ci səfəridir. Rəsmi açıqlamaya görə, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edir.

Bir neçə il əvvəli, daha dəqiq desək, işğal dövrünü xatırlasaq, həmin vaxt ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfərlərinə müəyyən ümidlər var idi. Ümid edilirdi ki, bu “turist” həmsədrlər gəlişləri ilə Azərbaycana hansısa nəticə gətirəcək, torpaqlarımızın, heç olmasa, mərhələli şəkildə işğaldan azad olunmasına nail olmaq mümkün olacaq.

IMG_0884.jpeg (37 KB)

Amma bu “turistlər” Qarabağa səfərləri zamanı sadəcə eyş-işrətlə məşğul oldular və sonradan iflasa uğramış fəaliyyətlərinə Azərbaycan dövlətinin zəfəri ilə xitam verildi. Eyni zamanda, 44 günlük müharibədən və birgünlük antiterror əməliyyatından sonra Azərbaycan dövlətinin çağırışlarına və təşəbbüslərinə Bakıdakı diplomatik korpusun bəzi təmsilçiləri biganə yanaşmağa cəhd göstərdilər. Bəziləri isə paytaxtlarından aldıqları təlimatlara əsasən Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərlərdən yayınırdılar.

Artıq vəziyyət dəyişib, yerdən-göyədək fərq var. Zamanında “həmsədrlər Xankəndiyə niyə Ağdamdan keçməklə getmirlər, İrəvandan, Laçın yolu ilə gəlirlər”, deyib, qapılar döyürdük, amma bu gün Bakıdakı diplomatik korpusun nümayəndələri böyük heyətlə Qarabağa təyyarə ilə, daha sonra avtomobillərlə səfər edirlər!

Vaxt var idi, Ermənistandan Şuşaya səfər edən BMT nümayəndəsinə sərt ittihamlar irəli sürülürdü. Eyni zamanda, Şuşaya gedən şəxslər ermənilər üçün düşmən elan olunurdu. Bu gün isə tamamilə fərqli bir atmosfer hökm sürür. Çünki Azərbaycan dövləti tarixi zəfər qazanıb və artıq heç kim dövlətimizin qarşısına çıxacaq gücdə deyil. Bunu getdikcə daha çox anlamağa başlayırlar və Qarabağa səfər dəvətinə də biganə qalmırlar, həvəslə gedirlər.

Bu gün Azərbaycan Prezidentinin köməkçisinin müşayiəti ilə azad olunmuş ərazilərə səfər edən, burada erməni vandalizminin izlərini və onların yerində qurulan yeni şəhər və kəndləri şəxsən müşahidə edən, həyatın həmin ərazilərə necə qayıtdığını öz gözləri ilə görən diplomatların Xankəndiyə səfər etməsi də möhtəşəm xəbərlərdəndir. Söhbət uzun illər separatizmin hökm sürdüyü Azərbaycan şəhərlərindən biri olan Xankəndidən gedir. Artıq beynəlxalq aləm bu torpaqların birmənalı şəkildə Azərbaycana məxsus olması ilə bağlı şübhələri də bir kənara atmağa məcbur olub. Bütün bunlar məhz Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, Azərbaycan dövlətinin gücü və beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində mümkün olub.

IMG_0887.jpeg (271 KB)

Azərbaycan Prezidentinin köməkçisinin Xankəndidə yaradılan Qarabağ Universiteti ilə bağlı dediklərini dinlədik, nə qədər gözəl mənzərə idi. Eyni zamanda, Qarabağ Universitetinin tələbələri ilə söhbətlər, oradakı səmimi atmosfer, diplomatlarla birlikdə Xankəndidə mətin addımlarla irəliləməsi hər birimizdə qürur hissi doğurdu. Bu, Azərbaycan dövlətinin gücüdür. Bu, Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandanın qüdrətidir. Artıq Azərbaycanın müəyyən etdiyi və istiqamətləndirdiyi işıqlı yolla Azərbaycanda fəaliyyət göstərən diplomatlar da addımlamağa vadar olurlar.

Uzun illər ərzində Azərbaycanın bu bölgəsində, o cümlədən Xankəndidə separatizm toxumları əkmiş şəxslərin cəzalandırılmasından sonra Azərbaycan həmin ərazidə həm də elmin və təhsilin inkişafı naminə qətiyyətli addımlar atır. Bununla yanaşı, dünyaya mesaj verir ki, Qarabağ Universiteti gələcəkdə Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə, dünyanın tanınmış elm və təhsil mərkəzlərindən birinə çevrilə bilər.

Şübhəsiz ki, gələcəkdə dünyanın müxtəlif ölkələrindən də burada təhsil almaq istəyən gənclər olacaq. İstisna deyil ki, sülh şəraitində hətta Ermənistandan belə, Qarabağda təhsil almaq istəyən gənclər olsun. Təbii ki, bu, onların öz seçimindən asılı olan məsələdir. Düşmənçiliyə son qoyacaqlarsa, udacaqlar.

Belə xoş əhval-ruhiyyədə olduğumuz bir vaxtda Ermənistandan gələn xəbərlər də diqqət çəkir. Hazırda Ermənistanda Azərbaycana məxsus anklavlarla bağlı mübahisələr gedir. Bu gün bəzi Ermənistan təmsilçilərinin Sədərək rayonunun 1990-cı ilin yanvarından işğal altında olan Kərki kəndinə - Ermənistanda Tigranashen adlandırılan yaşayış məntəqəsinə - səfər etməsi və bu kəndin heç bir halda Azərbaycana qaytarılmayacağı barədə ultimatum verməsinin ardınca Ermənistan Baş nazirinin həmin şəxsləri realist olmağa çağırmasını müşahidə etdik. Bununla da kifayət qədər maraqlı və ziddiyyətli bir vəziyyət yaranıb.

Vaxt var idi ki, Şuşaya, Xankəndiyə və Azərbaycanın digər bölgələrinə iddia edən xəstə təfəkkürlü erməni revanşistlər bu gün Kərki uğrunda mübarizəyə girişiblər. Azərbaycanın bu ərazisini heç olmasa əllərində saxlamaq üçün mübarizə aparacaqlarını bildirir, Paşinyanı edamla təhdid edirlər.

Eyni zamanda, Ermənistan hökumətinin başçısı, vaxtilə “Bütövlükdə Qarabağ Ermənistandır” deyən Baş nazir də bu gün nəhayət, reallığı anlayaraq və Dəmir Yumruğun gücünü bilərək onları sakitləşdirməyə çalışır.

9cad1e23-baf4-486d-9bee-20bce26f27bf.jpeg (27 KB)

“Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometr ərazisinə daxil olmayıb”. Ermənistan mediasının xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib. Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb. Onun sözlərinə görə, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar. Baş nazir bildirib ki, faktı qeydə almaq bir məsələ, onu yerində həll etmək isə tamam başqa məsələdir. “Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29 743 deyil, məsələn, 29 750 kvadratkilometr olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”, – Paşinyan vurğulayıb.

Yaxşı mövqedir, təqdir edirik və davamını gözləyirik. Ermənistanda mövcud olan Kərki xofunun özü də diqət çəkir. Bu, onu göstərir ki, erməni cəmiyyətinin müəyyən hissəsi hələ də reallığı tam şəkildə qəbul etməyə, Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin süqutundan sonra bölgədə yaranmış yeni reallıqlara uyğun normal və konstruktiv yanaşma ortaya qoymağa hazır deyil. Nə deyirik, özləri bilər.

Kərki sözünün Azərbaycan dilində mənasını görəsən, ermənilər bilirlərmi? Çanaq üzərində qənd doğramaq, yaxud digər kristal məhsulları kəsməkdən ötrü istifadə olunan sərt ucu və möhkəm kəlləsi olan məişət alətidir. Bunu sözgəlişi xatırladaq. Kərki uğrunda ağılsızlıq etsələr, o halda Kərki sakinlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində düşüncələr də gündəmə gələ bilər..

Elşad PAŞASOY