Diplomatların Qarabağa 22-ci səfəri - dünyaya verilən mesajlar
Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə, Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri həyata keçirilir. Xankəndiyə səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndənin iştirak etməsi diqqət çəkir. Daha əhəmiyyətlisi isə bunun diplomatik korpusun azad edilmiş ərazilərə 22-ci səfəri olmasıdır.

Siyasi ekspertlər hesab edir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri, xüsusilə Xankəndiyə gəlişi, yalnız protokol xarakterli tədbir deyil. Bu səfər Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq diplomatik korpusun gözü qarşısında nümayiş etdirilməsi baxımından mühüm siyasi mesaj daşıyır. 22-ci səfərin mesajı kifayət qədər aydındır. Qarabağda yeni həyat yalnız Azərbaycan vətəndaşları tərəfindən deyil, Azərbaycanda akkreditə olunmuş beynəlxalq diplomatik korpus tərəfindən də müşahidə edilir. Xankəndi isə bu yeni həyatın ən mühüm simvollarından birinə çevrilir.

Azərbaycan xarici diplomatları Qarabağa mütəmadi şəkildə aparmaqla onların bölgədəki vəziyyəti birbaşa görməsinə, dağıntıları, bərpa prosesini, yeni yaşayış məntəqələrini və formalaşan infrastrukturu yerində müşahidə etməsinə şərait yaradılır.
Ekspertlərin fikrincə, Xankəndinin bu səfərlərin əsas ünvanlarından birinə çevrilməsi isə xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki uzun illər Azərbaycan üçün yalnız hüquqi və siyasi mübarizə mövzusu olan Xankəndi bu gün Azərbaycanın idarə etdiyi, yenidən qurduğu və gələcəyini planlaşdırdığı şəhər kimi diplomatik nümayəndələrə təqdim olunur.
Xarici diplomatın hansısa hadisə barədə yalnız rəsmi məlumatı oxuması ilə həmin əraziyə gedərək vəziyyəti öz gözləri ilə görməsi arasında böyük fərq var. Xankəndidə aparılan bərpa və quruculuq işləri, şəhərin yeni funksiyası, Qarabağın Azərbaycanın sosial-iqtisadi məkanına inteqrasiyası diplomatların gələcək hesabat və qiymətləndirmələrinə də təsir edə biləcək amillərdir.

Azərbaycan xarici diplomatları bölgəyə dəvət etməklə informasiyanın yalnız siyasi bəyanatlar üzərindən deyil, real görüntülər və yerində müşahidələr əsasında formalaşmasına çalışır.
22-ci səfərin keçirilməsi onu da göstərir ki, Qarabağ məsələsi artıq yalnız müharibədən sonrakı bərpa məsələsi deyil. Burada Azərbaycanın qarşısında yeni mərhələ dayanır: azad edilmiş ərazilərin iqtisadi, sosial, nəqliyyat və diplomatik baxımdan ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyası.
Xankəndi isə bu prosesin simvolik mərkəzlərindən biridir. Şəhərin yenidən qurulması, burada dövlət və ictimai həyatın formalaşdırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası mərhələsindən ərazilərin davamlı inkişafı mərhələsinə keçdiyini göstərir.
Etibar Seyidağa,
Musavat.com
