Azərbaycanda ürək gözləyənlərin sayı açıqlandı: Siyahıda 4 yaşlı uşaqlar da var
“1500-dən çox insan könüllü olaraq donor olmaq üçün müraciət edib”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
Professorun sözlərinə görə, Mərkəzi Klinikanın Koordinasiya Mərkəzinə təqdim etdiyi gözləmə siyahısında hazırda ürək transplantasiyası üçün 50-dən çox xəstə var.
O bildirib ki, bu göstərici insanların Azərbaycan səhiyyəsinə və yerli həkimlərə inamının artdığını nümayiş etdirir:
“Bu, insanların, xəstələrimizin Azərbaycan səhiyyəsinə, azərbaycanlı həkimlərə inamının göstəricisidir. Ürək transplantasiyası dünyada bu əməliyyatların bizdən əvvəl həyata keçirildiyi bütün ölkələrdə də insanlarda çox ciddi inam və güvən hissi yaradıb. Bizim insanlarımız da artıq əyani şəkildə gördülər ki, ürək transplantasiyası əməliyyatı Azərbaycanda, ölkəmizin səhiyyə müəssisələrində, azərbaycanlı həkimlər tərəfindən uğurla icra oluna bilir. Düşünürəm ki, insanların Azərbaycandakı həkimlərə və səhiyyəyə inamının yaranmasında ən vacib amillərdən biri də məhz budur”.
Kamran Musayev transplantasiya gözləyən xəstələrin yaşlarının 4-5-dən 60-dək dəyişdiyini bildirib.
Xalidə Gəray
Foto müəllifindir
Musavat.com
