Növbəti qorxunc STATİSTİKA: doğum və nikahların sayı azalıb

Azərbaycanda doğumların, nikahların və boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkədə 28 min 631 körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,5-ə enib.

Statistika göstərir ki, təkcə doğumlar deyil, nikah və boşanmaların sayında da azalma müşahidə olunur. Belə ki, bu ilin ilk dörd ayında 11 min 422 nikah, 6 min 443 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Doğum göstəricilərinin azalmasına yalnız tibbi aspektdən yanaşmağı düzgün hesab etmirəm. Çünki çox sadə bir məntiqlə düşünsək, doğumun olması üçün ilk növbədə ailələrin qurulması lazımdır. Hazırda isə nikahların sayında azalma müşahidə olunur. Mən nikahların azalmasını və gənclərin ailə qurmaqdan çəkinməsini, birinci növbədə, sosial-iqtisadi problemlərlə əlaqələndirirəm. Subay gənclər ətrafdakı gənc ailələrə baxır və onların nə qədər çətin şəraitdə olduqlarını, maddi çətinliklərlə üzləşdiklərini görürlər.

Cəmiyyətdə vaxtaşırı olaraq "uşaq pulu" mövzusu qəsdən gündəmə gətirilir. Bu yardımın verilməsinin əleyhinə olanlar elə bil tamamilə fərqli bir dünyada yaşayırlar. Digər tərəfdən, "hər şey verilsin" deyənlər də az qala bütün yükü dövlətin üzərinə qoyurlar. Amma reallığa baxmaq lazımdır, bu gün gənc bir ailənin cəmi bircə uşağı böyütmək üçün çəkdiyi xərclər kifayət qədər yüksəkdir. Süni qidalar, uşaq bezləri, geyim, daha sonra uşağın bağça, məktəb, əyləncə və gələcəkdə ali təhsil xərcləri – bunların hamısı böyük bir maddi yükdür. İndiki gənclər də ailə qurmazdan əvvəl bu xərcləri və öz mənzil, iş problemlərini çox dəqiq şəkildə hesablayırlar. Sovet dövründə sistem fərqli idi; dövlət hamını işlə təmin edirdi və uşaqlar dövlət qayğısından kənarda qalmırdı. İndi isə gənclər bu yükün altından qalxa biləməyəcəklərini görüb ailə qurmaqdan yayınırlar. Nəticədə həm evlənənlərin sayı azalır, həm də boşanmaların sayı artır.

Boşanma məsələsi çox həssas mövzudur. Məhkəmələrdə daim aliment davası, mal-mülk bölünməsi kimi proseslər gedir. Lakin bu müstəvidə heç kim parçalanmış ailədə böyüyən uşağın gələcəyini və psixologiyasını düşünmür. Məni bir həkim kimi ən çox ağrıdan və maraqlandıran məsələ həmin uşaqların necə böyüməsidir. Lap tutaq ki, aliment də verildi, mülk də bölündü, amma ortada ata yoxdur. Bu baxımdan uşaq psixoloji olaraq yarımçıq böyüyür və bu, cəmiyyət üçün ciddi bir problemdir”.
Uşaqları ritual məkanlarına aparmasanız yaxşı olar”-Vaqif Qarayev

Həkim əlavə edib ki, digər bir ciddi problem isə gələcəkdə qadınların sayının kəskin azalması ehtimalıdır: “Proqnozlara görə, yaxın 20 ildə bu disbalans özünü qabarıq göstərəcək. Bunun da kökündə selektiv abortlar – ana bətnində olan qız uşaqlarının tələf edilməsi dayanır. Bu amil demoqrafik göstəricilərə çox mənfi təsir göstərir. Əslində, doğum sayının azalması təkcə bizim ölkəyə xas deyil, qlobal bir tendensiyadır. Dünyada doğum göstəriciləri az qala iki dəfə azalıb. Lakin bizim öz mentalitetimiz, çoxuşaqlı ailə ənənələrimiz var.

Hesab edirəm ki, gənclərə dövlət tərəfindən ciddi stimul və dəstək verilməlidir. Həm gələcəkdə onların mənzil və iş problemlərinin həllinə kömək edilməli, həm də doğulacaq uşaqlara görə maddi yardımlar ayrılmalıdır. Mən dövlətin bu prosesdə mütləq şəkildə dəstək olmasının ikiəlli tərəfdarıyam. Bu cür sosial yardımların əleyhinə çıxanlara isə yeganə məsləhətim budur: gedin, ən yaxın tanıdığınız orta statistik bir gənc Azərbaycan ailəsinin aylıq real xərcləri ilə maraqlanın. Ondan sonra "qoyun özləri dolansınlar",- deyə rəy bildirin”.