Özbəkistanın əhalisi 38 milyona çatır

2025-ci il iyunun 9-da Özbəkistan əhalisinin sayı 37 milyon 804 min 613 nəfərə çatıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Agentliyin məlumatına görə, Özbəkistanda kişilər qadınlardan daha çoxdur: 18,7 milyona qarşı 19 milyon.

Ümumi artıma baxmayaraq, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 266 478 uşaq doğulub və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 min uşaq azdır.

2025-ci ilin yanvar ayında ölkədə əhalinin aylıq artımının orta hesabla 51,5 min nəfər, gündəlik isə 1,7 min nəfərə yaxın olduğu bildirilib.

Bundan əlavə, son 34 il ərzində – 1991-ci ildən 2025-ci ilə qədər – Özbəkistanda əhalinin sıxlığı demək olar ki, iki dəfə artıb: 1991-ci ildə bir kvadrat kilometrə düşən 46,1 nəfərdən 2025-ci ildə 83,6 nəfərə çatıb. Bu, ölkənin müstəqilliyinin bütün tarixində ən yüksək göstəricidir.

Musavat.com