Krasnoyarsk meri böyük məbləğdə rüşvət almaqda ittiham olunur

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov yol təmiri ilə bağlı keçirilən müsabiqədə təşkilatın qələbəsi üçün sahibkardan 180 milyon rubldan (təxminən 2,3 milyon dollar) çox rüşvət almaqda ittiham olunur.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Krasnoyarsk başçısı Vladislav Loginov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi araşdırılır”, - o qeyd edib.