Ərdoğan: İsrailin İrana hücumları Avropanı miqrant dalğası və nüvə sızması ilə üz-üzə qoya bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı hərbi əməliyyatlarının regionda təhlükəsizliyə ciddi təhdid yaratdığını və bu vəziyyətin Avropa üçün də risklər doğura biləcəyini bəyan edib.
Musavat.com-un məlumatına görə Ərdoğanın Almaniya kansleri Fridrix Merts ilə telefon danışığı zamanı verdiyi açıqlamada bildirilib ki, İranla bağlı nüvə mübahisəsinin həlli yalnız danışıqlar yolu ilə mümkündür. O vurğulayıb ki, İsrailin son hücumları nəticəsində yaranan vəziyyət həm Yaxın Şərqdə, həm də Avropada miqrasiya böhranını alovlandıra bilər.
Türkiyə lideri əlavə edib ki, nüvə obyektlərinə zərbələr nəticəsində potensial radiasiya sızması ehtimalı da nəzərə alınmalıdır. Onun sözlərinə görə, bölgədə artan hərbi eskalasiya təkcə İran və İsrail üçün deyil, bütün Avrasiya üçün genişmiqyaslı fəsadlara yol aça bilər.
Ərdoğanın bu xəbərdarlığı beynəlxalq ictimaiyyətə bir çağırış kimi qiymətləndirilir və bölgədə baş verən hadisələrin təkcə lokal deyil, qlobal təhlükələr doğurduğunu göstərir.