Rayon yollarında küçə ticarəti qadağan edilə bilər
Ekspertlər DİN-in xəbərdarlığını haqlı hesab edirlər, amma...
Yay mövsümünün gəlməsi ilə bölgələrə səfər edən insanların sayı artdıqca, rayon yollarında yolkənarı məhsul satışları da çoxalmağa başlayıb. Bu hal ilk baxışda kənd təsərrüfatı məhsullarının satışına dəstək kimi görünsə də, əslində ciddi təhlükə mənbəyi hesab olunur. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nəqliyyatın intensiv hərəkət etdiyi yolların kənarında ticarət fəaliyyəti həm satıcılar, həm alıcılar, həm də sürücülər üçün ciddi risk yaradır, bir çox hallarda ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir, xüsusən də yay mövsümündə bölgələrə axın edən turistlərin sayının artması təhlükəni ikiqat artırır.
“Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi ərazilərdə həyata keçirəsiniz. Həm özünüzün, həm də digərlərinin həyatını təhlükəyə atmayın”, - nazirlik çağırışda bildirir.
Daxili İşlər Nazirliyinin xəbərdarlığı təhlükəsizlik baxımından əsaslı görünür. Lakin bu məsələnin digər bir tərəfi də var: kənd sakinləri üçün alternativ satış yerlərinin olmaması. Bəzi rayonlarda yol kənarında ticarət edənlər deyirlər ki, əllərindəki məhsulu uzaq bazarlara çatdırmaq üçün nə logistika imkanları, nə də şəraiti var. Ona görə də yaşadıqları kəndin kənarında, yol üzərində, satıcı-müştəri təmasının asan baş verdiyi nöqtələrdə məhsullarını satmağa məcbur qalırlar.
Qonşu ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə də bu cür satış halları yay aylarında geniş yayılıb. Hətta Avropa ölkələrinin bəzilərində yol kənarında məhsul satışı üçün xüsusi yerlər ayrılır, təhlükəsizliyin təmin olunması şərti ilə bu fəaliyyətə şərait yaradılır.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında deyir ki, yol kənarında ticarət etmək qədim ənənələrdən biridir: “Bu ənənənin min illik tarixi var. Ona görə də yol təhlükəsizliyini nəzərə almaqla yol kənarlarında çox kiçik bazarların yaradılmasına yerli icra hakimiyyətləri imkan verməlidirlər. Bu, təkcə ticarət məsələsi deyil, həm də ənənədir, onu qorumaq lazımdır. Eyni zamanda fermerlərin rahat şəkildə öz məhsullarını satması hamıya xeyirdir. Lakin bütün hallarda yol hərəkəti təhlükəsizliyini təmin etməklə, maşınların saxlanması üçün yol cibi yaratmaqla bəlli yerlərdə yolkənarı ticarəti inkişaf etdirmək olar. Bu, həm alıcını, həm də satıcını məmnun edəcək. Yol təhlükəsizliyini bəhanə edərək, yol kənarlarında ticarəti qadağan etmək doğru deyil”.
Eldəniz Cəfərov
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, təhlükəsiz və qadağan olunmamış yerlərdə ticarət mümkündür: “Düz yola bitişik olmayan, magistral yoldan 100 metr aralıda obyektlər fəaliyyət göstərir və orada kənd təsərrüfatı məhsulları satılır. Lakin yola bitişik yerdə və hərəkət hissəsində ticarətin olması doğru deyil. Yola bitişik yerdə ticarət olanda avtomobili saxlayanın qəzaya düşməsi ehtimalı yüksəkdir. Məsələn, Ələt-Bakı yolunda insanlar yol kənarında dovşan satırlar. Dovşan almaq istəyən bir ailə avtomobili yolun kənarında saxlayıb, dovşan almaq istəyəndə yük maşını gəlib həmin maşının üzərindən keçmişdi. Bir yol kənarı ticarətinə görə bütün ailənin həyatı təhlükəyə düşdü. İstənilən halda çalışmaq lazımdır ki, qəza şəraiti yaranmasın. Bəzi yerlərdə yol cibləri var, əlavə ehtiyac olarsa, yenə də düzəltmək olar. Amma mən yolda satış həyata keçirilməsinin əleyhinəyəm. Xüsusən də magistral və şəhərlərarası yollarda icazə verilməməlidir. Satış yoldan kənarda xeyli uzaqda təşkil edilməlidir”.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli deyib ki, vətəndaşın öz tarlasının yaxınlığında məhsulunu satmaq hüququ var, lakin bu, heç də asan proses deyil: “Satışı təşkil etmək üçün bələdiyyədən yer icarə götürməli və qanunvericiliyin müvafiq tələblərini yerinə yetirməlidir. Kim harada istəyirsə, satış təşkil edə bilməz. Mobil satış yerləri də məsələnin həlli deyil. Bunun özü də sahibkarlıq təşəbbüsüdür. Onu kimsə qura, kimsə isə qurmaya bilər. DİN isə bu mövzuda öz işini görür və vətəndaşları qanunlara riayət etməyə çağırır. Həmin yol kənarında maşın saxlamaq icazəsi yoxdursa, vətəndaş maşını saxlayıb alış-veriş edə bilməz. Ona görə də məhsulunu satan kəndli də bunu nəzərə alıb, daha uyğun yer tapmalıdır”.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, xəbərdarlıq etmək əvəzinə, fermerlərə şərait yaradılmalıdır: "Yol kənarı biznesi bütün dünya şəhərlərində var, lakin əsas məsələ bunun təşkili ilə bağlıdır. Məhsullarını satışa çıxaranlar yoldan bir az aralı olmalı, alış-veriş edən sürücülər isə sürətli hərəkətə mane olmadan, sürəti azaldan zolaqla daxil olmaqla bazarlıqlarını edə bilərlər.
Daha sonra isə sürəti artıran zolaqla əsas yola qoşularaq davam edə bilərlər. Bu, bir ahəng halında olmalıdır və sürətli yol standartı pozulmamalıdır. Təhlükəsizliyi əsas götürərək bu növ ticarət təşkil edilməlidir. Yola aid olan qurumlar, yerli icra hakimiyyətləri bunları nəzərə alaraq insanları satış yerləri ilə təmin etməlidir. Əgər bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçirsə, yük maşınları üçün TIR Parklar da təşkil edilməlidir. Yol müasir standartlara uyğun qurulursa, yolkənarı infrastruktur hər hansısa qəza və ya avtomobilin xarab olması riskinə uyğun olmalıdır. Evakuasiya operativ təşkil edilməli, təmir üçün imkanlar yaradılmalı və bütün marşrut boyu əlaqə fasiləsizliyi - həm rabitə, həm də internet əlaqəsi təmin olunmalıdır".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”