Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri Azərbaycan-Vyetnam münasibətlərində strateji xarakter daşıyan əlamətdar hadisə kimi dəyərləndirilir.

Qarşılıqlı etimad və səmimi tərəfdaşlıq aspektlərinə əsaslanan əlaqələrin inkişafı fonunda reallaşan bu səfər iki dövlət arasında uzunmüddətli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Yüksək səviyyəli danışıqların nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirəcəkdir. “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” bu təmasların gələcəkdə davamlı və sistemli inkişafını təmin edəcək güclü siyasi-hüquqi bazanın yaradılmasına yönəlib. Birgə Bəyanatın əsas məzmunu tərəflərin suverenlik, bərabərlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət kimi fundamental prinsiplər əsasında münasibətləri dərinləşdirməkdə qərarlı olduqlarını ifadə etməsindən ibarətdir. Həmin bəyanatın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox ciddi siyasi sənəddir: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, suverenliyə, ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan yanaşmaları dəstəkləyir. Bu mənada strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də qlobal səviyyədə birgə mövqe və təşəbbüslərin koordinasiyasına zəmin yaradır.

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri və imzalanmış sənədlər bir daha göstərir ki, Asiya və Qafqaz arasında strateji tərəfdaşlıq modeli formalaşır. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verəcək. Tərəflərin siyasi iradəsi, qarşılıqlı hörmətə əsaslanan yanaşması və ortaq məqsədləri bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə təminat verir.

Elməddin Əsgərxanov, YAP Bərdə rayon təşkilatı sədr müavini.