Məhkəmə qərarı 3 ildir icra edilmir- Nazirlikdən açıqlama

“Məhkəmə 3 ildən çoxdur ki, xeyrimizə qərar çıxarıb. Amma qərar icra edilmir”.

Bunu Musavat.com-a açıqlamasında vətəndaş Ülviyyə Məmmədova deyib.

Onun sözlərinə görə 2021-ci ilin yanvar ayında Məmmədov Orxan Elçin oğlunun idarə etdiyi “MAN” markalı avtomobillə ona məxsus “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya səbəb Orxan Məmmədovun yol hərəkəti qaydalarını pozması olub.

Xətai Rayon Məhkəməsi 28 min 956 manat məbləğdə vurulmuş maddi ziyanın Orxan Məmmədovdan alınaraq Ülviyyə Məmmədovaya ödənilməsi barədə qərar çıxarıb.

Məhkəmə 2022-ci ilin iyun ayında qərar çıxarsa da 3 ildir icra orqanı bu qərarı icra etmir.

Məhkəmə qərarının icra edilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlamışdıq.

Nazirlikdən Musavat.com-a bildirilib ki, vətəndaş məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə Ədliyyə Nazirliyinə müraciət edə bilər. Nazirlikdən qeyd edilib ki, vətəndaşın müraciəti aidiyyəti üzrə araşdırılacaq və müvafiq cavab veriləcək.