Turistlər niyə Azərbaycandan üz döndərir...
Azərbaycanda turizm sektorunda gecələmələrin sayı azalıb. 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə 3 milyon 239,3 min gecələmə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı da 4,7 faiz azalaraq 1 milyon 845,6 min təşkil edib.
Statistikaya əsasən, gecələmələrin 55,9 faizi Bakının, 5,2 faizi Qusarın, 5,1 faizi Naftalanın, 4,7 faizi Xaçmazın, 3,9 faizi isə Qəbələnin payına düşüb. Xarici qonaqların hotellərdə keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda qeydə alınıb. Bu göstəricilər turizm tələbatının azalması ilə yanaşı, bölgələr üzrə qeyri-bərabər bölgünü də gündəmə gətirir.
Bəs hotellərdə gecələmələrin azalmasının əsas səbəbləri nədir? Qiymətlər, xidmət keyfiyyəti və bölgələrdə turizm infrastrukturunun vəziyyəti bu göstəricilərə nə dərəcədə təsir edir?

Turizm üzrə ekspert Ceyhun Aşurov Musavat.com-a bildirib ki, 2026-cı il turizm sektoru üçün kifayət qədər sınaqlı olub: “Hətta turist axınının daha çox olduğu yay mövsümündə belə ölkəyə gələnlərin sayı az olub və bu vəziyyət otellərin doluluq səviyyəsinə təsir göstərib”.
Onun sözlərinə görə, gecələmələrin 50 faizdən çoxunun Bakının payına düşdüyünü görmək olar ki, bu da qiymətlərin regionlarla müqayisədə daha münasib olmasına şərait yaradır.
Ekspert qeyd edib ki, gecələmələrin əsas hissəsinin Bakıda qeydə alınmasının başqa səbəbi də var: “Hazırda dəmir yolu əlaqəsi açıq olsa da, ölkəmizə gələn turistlərin böyük əksəriyyəti hava nəqliyyatından istifadə edir. Hava yolu ilə gələnlərin də 90 faizdən çoxu Azərbaycana Bakıdan daxil olur və buradan da gedir. Təbii olaraq, bu amil əcnəbi turistlərin daha çox vaxtlarını və gecələmələrini paytaxtda keçirmələrinə gətirib çıxarır”.
Afaq Mirayiq,
Musavat.com
