Böyük Qayıdışın addımları
Vaxtilə iki müharibə nəticəsində Ermənistanın işğalçı qoşunları tərəfindən dağıdılıb viran qoyulmuş şəhər və kəndlərimiz yenidən ucaldılaraq əvvəlkindən də yaraşıqlı və abad şəkil alıb.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam etdirilir. Bu nailiyyət dövlətin böyük maliyyə vəsaiti və Prezident İlham Əldiyevin diqqət və qayğısı dayanır. 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manat maliyyə ayrılıb. Bu il həmin ərazilərin yenidən qurulmasına 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, cari il də daxil olmaqla bu məbləğ 25,5 milyard manata çatdırılacaq.
Qeyd edək ki, ərazinin minalardan və partlamamış sursatlardan təmizlənməsi görüləcək işlərin vaxtının uzanmasına səbəb olur. Bununla belə təhlükədən azad olunmuş ərazilərdə 80 mindən çox vətəndaş yaşayır və müxtəlif sahələrdə çalışır. Keçən il 69,2 min hektar sahə təmizlənib. 2020-ci ildən bəri isə ümumilikdə 249 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan azad olunub. 2026-cı ildə əlavə olaraq 65 min hektardan artıq sahənin təmizlənməsi planlaşdırılır.
Bütün bunların sayəsində Qarabağ və Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı intensiv xarkter alıb. Orta hesabla hər ay azı yüz ailənin qayıdışı təmin edilir. Martın 17-də Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb.
Yaşayış məntəqələrinin böyük bir hissəsi müasir infrastrukturla təmin edilmiş, rahat asfalt yollar çəkilmiş, yaşıllıqlar salınmış, xəstəxanalar, məktəblər tikilmiş, xidmət müəssisələri inşa olunmuşdur. Odur ki, dövlətin dəstəyi ilə respublikanın hər tərəfinə səpələnmiş ailələr dəstə-dəstə öz rayonlarına, öz doğma kəndlərinə qayıdırlar. Artıq Cəbrayıl, Laçın, Şuşa, Xocalı, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli və digər rayonlara qayıdış təmin olunur. Ağdərənin Həsən-irz, Çapar, Qozlu körpü, Aşağı Oratağ Heyvalı kəndlərinin əhalisinin müəyyən qədəri öz yurd yerlərinə köçürülmüşlər. Bu iş iki ildir ki, mərhələli şəkildə davam etdirilir.
Bu günlərdə Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb. Köçən ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib. Dediyimiz kimi, onlar orada hər cür qayğı ilə əhatə olunublar.
Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm yaraşıqlı çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar. İşğaldan azad edilən bir çox yaşayış yerlərinə qayıdan ailələr Novruz bayramını öz yurdlarında qeyd ediblər. Əlbəttə, bu, otuz dörd illik ayrılıqdan sonra həsrətlilər üçün ikiqat bayram olmuşdur. Köçürülmənin miqyasının daha da genişləndirilməsi üçün bölgələrdə inşaat işləri sürətlə davam etdirilir. İş tempinin daha da artırılması üçün digər bölgələrdən bu yerlərə inşaatçılar cəlb olunur və onlara yaxşı maaş və digər sosial təminatlar verilir.
Hətta xarici ölkələrdən işğaldan azad olunmuş yerlərə turist kimi gələnlər həm buradakı tikinti-yenidənqurma, abadlıq və quruculuq işlərinin vüsətinə, həm də təbiətin gözəlliyinə heyran qaldıqlarını bildirirlər. Onlardan biri livanl yazıçı və rəssamı milliyyətcə erməni əsilli Kardaş Onnik Şuşada olub və ermənilərin törətdikləri vəhşilikləri görəndən sonra yazdığı kitabda dəhşətə gəldiyini bildirib.
Azərbaycan dövləti xarabalıqlar üzərində ucaltdığı müasir şəhərlərdə və kəndlərdə öz vətəndaşlarına layiqli həyat tərzi qurur. İki müharibənin faciələrini və sıxıntılarını çəkmiş insanlarımızın buna haqqı çatır-dövlətimizin məqsədi belədir. Heç şübhəsiz ki, cəmi bir neçə il müddətində məcburi köçkünlərin böyük əksəriyyəti öz doğma yurd yerlərinə qayıdacaqlar.
Vəli İlyasov, “İki sahil”
