İran narkotrafiki dayanmır - Azərbaycan marşrutu yenə “dəbdə”
İranın daxilində və regionda gərginliyin pik həddə çatdığı bir dövrdə bu ölkənin cəmiyyəti və iqtisadiyyatı ciddi sarsıntılar yaşayır. Sanksiyaların yaratdığı iqtisadi təzyiq və regional risklər fonunda İran son onilliklərin ən mürəkkəb hərbi-siyasi mərhələlərindən birinə daxil olub. Belə bir şəraitdə ölkə daxilində və regionda müxtəlif kriminal şəbəkələrin fəallaşması da diqqətdən yayınmır.
Belə faktlardan biri Ağcabədi rayonunda qeydə alınıb. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən tədbir zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Azərbaycan vətəndaşı Rəşad Əlifov Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Mohammad Mosazadeh narkotik vasitələri idarə etdiyi yük avtomobilinin xüsusi hazırlanmış gizli saxlanc yerində ölkə ərazisinə qanunsuz şəkildə keçirib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, hərbi və siyasi gərginliklərin artdığı dövrlərdə narkotik qaçaqmalçılığı kimi qeyri-qanuni fəaliyyətlər də daha aktiv mərhələyə keçir:
“Dövlətlərin diqqəti təhlükəsizlik və geosiyasi risklərə yönəldiyi vaxt kriminal qruplar yaranmış boşluqlardan istifadə etməyə çalışırlar. Məhz bu fonunda İran vətəndaşlarının region ölkələrində, o cümlədən Azərbaycanda narkotik dövriyyəsi ilə bağlı cinayət işlərində hallanması halları da müşahidə olunur. Yəni bu gün regionda təhlükəli faktor miqrasiya axınlarıdır. İranda müharibə səbəbi ilə hər gün Ermənistana 2000-2500 nəfər qaçqın keçir. Bu axının bir hissəsi daha sonra Gürcüstan üzərindən regionun digər ölkələrinə, o cümlədən Azərbaycan ərazisinə daxil olur. Bu cür miqrasiya kanalları bəzən narkotik qaçaqmalçılığı üçün də istifadə edilə bilir. Nəticədə narkotik vasitələr fərdi kuryerlər vasitəsilə müxtəlif şəhərlərə paylanır. Aşkar olunan faktlar regionda fəaliyyət göstərən beynəlxalq narkotik şəbəkələrinin marşrutlarının Azərbaycandan keçdiyini bir daha təsdiqləyir”.
Arzu Nağıyev deyir ki, Azərbaycan-İran sərhədi uzun illərdir regionda narkotik qaçaqmalçılığı üçün istifadə olunan əsas tranzit xətlərindən biri hesab olunur. Bu marşrutun formalaşmasında regionun geosiyasi mövqeyi mühüm rol oynayır. Beynəlxalq araşdırmalara görə, narkotiklərin böyük hissəsi Əfqanıstanda istehsal olunur, daha sonra İran ərazisinə daxil olur, buradan isə Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına daşınır. Bu xətt beynəlxalq kriminal şəbəkələr tərəfindən “Balkan marşrutu”nun bir hissəsi kimi istifadə edilir. Azərbaycanın tranzit mövqeyi qaçaqmalçıların ölkəni həm istehlak bazarı, həm də Avropaya keçid dəhlizi kimi görməsinə səbəb olur:
“Son illərdə heroinlə yanaşı metamfetamin qaçaqmalçılığı da sürətlə artmaqdadır. Narkotiklər Əfqanıstan - İran - Azərbaycan -Türkiyədən keçirilməklə Avropaya daşınır. Bu marşrut üzrə narkotiklər yük avtomobillərinin gizli saxlanc yerlərində, sərhəd zonalarında qaçaq yollar və piyada keçidlər vasitəsilə, dronlarla paketlərin atılması, tranzit yüklər arasında gömrükdən gizlədilməklə daşınır. Son illərdə sərhəd bölgələrində dron vasitəsilə narkotik keçirilməsi cəhdlərinin də qeydə alınması bu trafikin texnoloji üsullarla davam etdirildiyini göstərir. İran istiqamətindən narkotik qaçaqmalçılığı ilə bağlı əməliyyatların sayı son illərdə artıb. Bir çox hallarda qaçaqmalçılar Azərbaycan və İran vətəndaşlarından ibarət qarışıq qruplar şəklində fəaliyyət göstərirlər. Bütün bunlar göstərir ki, İran-Azərbaycan sərhədi regionda narkotik qaçaqmalçılığı üçün ən həssas istiqamətlərdən biri olaraq qalır. Əfqanıstandan başlayan heroin və metamfetamin marşrutları İran üzərindən Azərbaycana daxil olur və buradan Avropa bazarlarına yönəldilir. Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar bu trafikin qarşısını almağa yönəlsə də, son illərin faktları göstərir ki, beynəlxalq narkotik şəbəkələri müxtəlif üsullarla fəaliyyətlərini davam etdirməyə çalışırlar. Ağcabədidə baş verən son hadisə də regionda narkotik qaçaqmalçılığı təhlükəsinin hələ də aktual olduğunu nümayiş etdirir”.

Komitə sədri vurğulayıb ki, regionda narkotik qaçaqmalçılığı yalnız quru sərhədləri ilə məhdudlaşmır, alternativ marşrutlar da mövcuddur:
“Əsas marşrut heroinin istehsal olunduğu Əfqanıstan ərazisindən başlayır və çox vaxt İran üzərindən region ölkələrinə yönəlir. Lakin son illərdə qaçaqmalçılar nəzarətdən yayınmaq üçün müxtəlif istiqamətlərdən istifadə edirlər. Bu marşrutlardan biri də Xəzər dənizi üzərindən keçən gizli daşınma yollarıdır. Narkotik vasitələr kiçik gəmilər, balıqçı qayıqları və ya yük daşımaları adı altında dəniz vasitəsilə region ölkələrinə gətirilə bilər. Daha sonra isə bu yüklər sahilyanı ərazilərdən ölkə daxilinə paylanır. Narkotik qaçaqmalçılığı ilə mübarizə quru sərhədləriylə yanaşı dəniz sərhədlərində aparılır. İranda baş verən hərbi-siyasi gərginliklər narkotik qaçaqmalçılığı üçün əlavə imkanlar yaradır. Xüsusilə də hazırda İran ətrafında yaranmış hərbi-siyasi vəziyyət qaçaqmalçılıq şəbəkələrinin fəaliyyətini asanlaşdıra bilər. Müharibə və xaos şəraiti sərhədlərə nəzarəti zəiflədir, bu isə narkotik tranzitinin artması riskini yüksəldir”.
E.Məmmədəliyev,
Musavat.com
