“Oqtaydan sonra heç yerə getmirəm”
“Bu gün verilişlərə gələn adamların əksəriyyəti həyatın dibində qalmış insanlardır. Axı bizim xalq o xalq deyil. Bizim xalq qeyrətli, namuslu, ailəsi üçün özünü fəda edən xalqdır. Heç vaxt uşağını götürüb küçələrə getməz. Heç vaxt ərini atıb evdən qaçmaz. Bu, nadir olan hallardır. 10 milyonun içində 100 nəfər olar, ya olmaz. Onu təqdim etməklə o xalqı təqdim edirik ki, biz buyuq. Mən belə verilişləri necə bəyənə bilərəm? Axı biz o deyilik. Sən niyə məni belə qələmə verirsən? Niyə sübut etmək istəyirsən ki, sənin olacağın budur?”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira İsmayılova deyib.
O, daha sonra efirlərdə bəyəndiyi aparıcıları sadalayıb:
“İctimai Televiziyada Saleh Bağırovun “Ötən günlər” verilişini bəyənirəm. Saleh çox gözəl veriliş aparır. Onun verilişləri də səviyyəlidir, özü də. Öz gəlinim Dilarənin verilişini bəyənirəm. Mətanət Əliverdiyevanın apardığı verilişləri də çox bəyənirəm. Salehin verilişinə niyə baxıram? Çünki seçilmiş insanları dəvət edir. Mənə o sənətkarların həyatı çox maraqlıdır. Bu ruhda adamam”.
Elmira İsmayılova bildirib ki, heç bir halda efirlərə getmir:
“Çoxu deyir ki, sizi efirlərdə görmürük. Oqtaydan sonra heç yerə getmirəm. Nə efirlərə, nə də başqa bir yerə. Çünki hara getsəm, dərd mənim ürəyimdədir. Gedib neyləyim? Olur da. Çağırırlar danışmağa, bir söz deməyə. Həm də insanlara mənim kədərim, göz yaşım lazım deyil. Kədərimi, göz yaşımı efirdə büruzə vermək istəmirəm. Ondan sonra özümə gələ bilmirəm. Bəlkə də elə o dərdlə köçəcəyəm bu dünyadan. Mən itirdiyimi elə itirdim ki...”