İnternet Asılılığı və Onun Fəsadları
Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, internetin həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə səbəb olmuşdur. İnternet artıq sadəcə bir məlumat mənbəyi deyil, həm dəəyləncə, təhsil, ünsiyyət və iş platforması kimi müxtəlif sahələrdə geniş istifadə olunur. Lakin bu rahatlığın arxasında bir təhlükə də gizlənir: internet asılılığı.
İnternet asılılığı, insanın gündəlik həyatını və fəaliyyətini mənfi təsir altına salacak dərəcədə internetdən asılı hala gəlməsi vəziyyətidir. Bu, psixoloji və sosial problemlərlə nəticələnə bilər. Xüsusilə yeniyetmələr və gənclər bu vəziyyətdən daha çox təsirlənirlər. Bəzən bu asılılıq real həyatdan uzaqlaşma, ailə və dost münasibətlərinin zəifləməsi, təhsildən yayınma və hətta depressiya ilə nəticələnə bilər.
Araşdırmalar göstərir ki, uzun müddət internetdə vaxt keçirən şəxslərin diqqət və yaddaş problemləri yaranır. Bu insanlar real həyatda özlərini ifadə etməkdə çətinlik çəkirlər və getdikcə sosial tənhalığa doğru irəliləyirlər. Sosial mediada başqalarının həyatını izləmək və onları öz həyatı ilə müqayisə etmək isə özgüvən əskikliyinə gətirib çıxarır. İnsanlar özlərini daim başqaları ilə müqayisə edir və bu da psixoloji təzyiq yaradır.
İnternet asılılığının daha bir təhlükəli tərəfi isə fiziki sağlamlıqla bağlıdır. Uzun müddət kompüter və ya telefon qarşısında vaxt keçirmək görmə zəifliyi, bel və boyun ağrıları, yuxusuzluq və piylənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Hərəkətsiz həyat tərzi təkcə fiziki deyil, həm də zehni yorğunluğa gətirib çıxarır.
Bəzi hallarda internet asılılığı, şəxsin özünü real həyatdan tamamilə ayırmasına səbəb olur. Bu vəziyyətə düşən insanlar virtual dünyada "xoşbəxtlik" axtarır, amma real həyatda özlərini tənha və məqsədsiz hiss edirlər. Onlar ailə münasibətlərindən uzaqlaşır, dərs və iş performansları aşağı düşür və cəmiyyətdən təcrid olunurlar.
İnternetdən istifadə tamamilə pis bir hal deyil. Əksinə, düzgün və məqsədli istifadə edildikdə, bu texnologiya həyatımızı asanlaşdırır və inkişaf etdirir. Mühüm olan sərhədləri düzgün müəyyənləşdirmək və bu sərhədləri aşmamaqdır. Valideynlər, müəllimlər və cəmiyyət internetin faydaları ilə yanaşı, onun yaratdığı təhlükələri də izah etməli, uşaqları və gəncləri maarifləndirməlidirlər.
İnternetdən səmərəli istifadə üçün vaxt planlaması vacibdir. Gün ərzində internetə sərf edilən vaxtı məhdudlaşdırmaq, fiziki fəaliyyətlərlə məşğul olmaq, kitab oxumaq, ailə və dostlarla zaman keçirmək, real həyatda maraq dairələri tapmaq bu asılılığın qarşısını almağın əsas yollarındandır.
Təhsil müəssisələri də bu istiqamətdə aktiv olmalı, internet mədəniyyəti mövzusunda maarifləndirici tədbirlər keçirməlidir. Məktəblərdə "rəqəmsal savadlılıq" dərsləri təşkil edilərək, uşaqlara internetdən düzgün istifadə qaydaları öyrədilməlidir. Valideynlər isə uşaqları ilə daha çox vaxt keçirməli, onlara diqqət göstərməli və davranışlarını izləməlidirlər.
Sonda qeyd etmək lazımdır ki, internet XXI əsrin ən böyük ixtiralarından biridir. Lakin bu ixtira, yanlış istifadə edildikdə, insan həyatını mənfi istiqamətə yönləndirə bilər. Odur ki, balanslı və şüurlu istifadə bu texnologiyanın cəmiyyətə fayda verməsini təmin edə bilər. Unutmayaq: internet bizim üçün yaradılıb, biz internet üçün yox!
Pedaqoq, gənc yazar Məmmədova Əsmər
