Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Qonşu olduğumuz və müstəqilliyin əldə olunmasından indiyədək dostluq münasibətlərimizi, qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyimiz dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan ilə əlaqələrimiz strateji əhəmiyyət daşıyır. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bu əməkdaşlığın əsası kimi dəyərləndirilir. Digər mühüm məqam Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrinin ilk dayanacağı Gürcüstandır. Azərbaycan nefti və qazı məhz Gürcüstandan keçməklə Avropa bazarlarına çatdırılır. Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin yüksələn xətlə inkişafının bir daha təsdiqi oldu. Cənab İlham Əliyev səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşdü, eyni zamanda, İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatlarla çıxış etdi.
Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.
Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri çoxəsrlik dərin köklərə söykənir. 1992-ci ildən başlayan iki ölkə arasındakı diplomatik münasibətlər, xüsusilə, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin yaxın dostluq əlaqələri nəticəsində yüksək zirvəyə çatmışdı. Ümummilli Lider Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq hazırda möhkəm təmələ söykənərək bütün istiqamətlər üzrə daha da inkişaf etdirilir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən layihələr bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlığına böyük stimuldur.
Reallıq budur ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Tərəflər bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək əzmindədirlər. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.
