Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA– Gələcək günlərdə…
Xəzər dənizinin Azərbaycan akvatoriyasında baş verən növbəti yeraltı təkanlar ölkənin cənub bölgəsində və paytaxt Bakıda ciddi həyəcan dalğası yaradıb. Seysmik baxımdan hər zaman aktivliyi ilə seçilən Xəzər dənizi, bu dəfə 5.3 maqnitudalı zəlzələ ilə öz gücünü xatırlatdı.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, episentri Lənkəran şəhərindən cəmi 55 km məsafədə, dənizin dərin qatlarında qeydə alınan bu zəlzələ, saniyələr ərzində geniş bir coğrafiyada hiss olunub.
Bakı vaxtı ilə saat 13:05-də baş verən təkanlar xüsusilə Lənkəran, Astara və Lerik kimi rayonlarda sakinlərin evlərini tərk etməsinə səbəb olub. Təbiət hadisəsinin həm də qonşu İranın sərhəd şəhərlərində hiss edilməsi, yeraltı prosesin miqyasının kifayət qədər geniş olduğunu göstərir. Hazırda rəsmi qurumlar tərəfindən dağıntı və ya tələfat barədə hər hansı məlumatın verilməməsi təsəlli olsa da, bu hadisə ölkənin seysmik təhlükəsizlik məsələlərini yenidən gündəmin baş küncünə daşıyıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev bildirib ki, Xəzər dənizi tektonik baxımdan daim hərəkətdə olan mürəkkəb bir zonadır və bu cür təkanlar elmi cəhətdən gözlənilməz deyil: “Xəzərin Azərbaycan sektoru bir neçə aktiv qırılma xəttinin kəsişməsində yerləşir. 5.3 maqnitudalı zəlzələ dəniz akvatoriyası üçün orta güclü hesab olunsa da, quruda yaşayan insanlar üçün kifayət qədər qorxulu hiss edilir. Episentrin dənizdə olması böyük fəlakətlərin qarşısını alan əsas amildir, çünki su qatı zərbə dalğasının bir hissəsini udur. Seysmik aktivlik hazırda nəzarət altındadır və bu təkanlardan sonra bir neçə zəif afterşokun olması yer qabığındakı gərginliyin stabilləşməsi üçün təbii prosesdir”.
Mütəxəssis gələcəkdə daha dağıdıcı zəlzələ ehtimalı ilə bağlı suallara da aydınlıq gətirərək qeyd edib ki, bu cür təkanlar əslində böyük fəlakətlərin qarşısını alan bir mexanizmdir: “Tez-tez soruşurlar ki, gələcəkdə daha dağıdıcı zəlzələ ola bilərmi? Unutmaq olmaz ki, Azərbaycan 8-9 ballıq seysmik zonada yerləşir. Bu o deməkdir ki, potensial olaraq güclü zəlzələ ehtimalı həmişə var. Lakin bugünkü kimi 5 ballıq təkanlar yığılmış enerjinin ‘hissə-hissə’ boşalmasına kömək edir. Əgər bu kiçik enerjilər çıxmasa, illərlə toplanaraq sonda 7-8 maqnitudalı fəlakətli bir zəlzələyə çevrilə bilər. Yəni bugünkü təkanları bir növ yerin ‘nəfəs alması’ kimi dəyərləndirə bilərik”.
O, qeyd edib ki, əsas təhlükə zəlzələnin özündən deyil, ona hazırlıqsız olmaqdan qaynaqlanır: “Biz zəlzələni proqnozlaşdıra bilmərik, amma binalarımızı ona dözümlü edə bilərik. Xüsusilə sahil bölgələrində və cənub rayonlarımızda tikinti normalarına ciddi nəzarət olunmalıdır. Gələcəkdə baş verə biləcək daha güclü təkanların dağıdıcı olmaması üçün hər bir bina 9 ballıq zəlzələyə hesablanmalıdır. Sakinlərə tövsiyəm odur ki, təşvişə düşmədən, zəlzələ zamanı davranış qaydalarını öyrənsinlər. Xəzər aktivdir, biz isə bu aktivliklə birgə yaşamağı, daha doğrusu, təhlükəsiz yaşamağı öyrənməliyik”.
