Ölkədə sürüşmə TƏHLÜKƏSİ artıb – Mütəxəssislər ÖN tədbirlərdən danışdılar
Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır:
“Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb.
Badamdar sürüşmə sahəsində lokal xarakterli çökmə və yuyulma halları müşahidə olunub. Lakin bu proseslər intensiv deyil, zəif aktivlik səviyyəsində qiymətləndirilir. Hazırda FHN tərəfindən ərazidə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda, qəsəbənin mərkəzi yolunun sağ və sol hissələrində bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur”.
Yağışdan sonra sürüşmə zonalarında risk hansı səviyyədədir? Bakıda tikintilərin azaldılmasının vaxtı deyilmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a fikrini bölüşüb:
“Bu, kifayət qədər geniş və çoxşaxəli bir mövzudur, həm də uzun tarixə malikdir. Azərbaycanda kanalizasiya sistemi müxtəlif dövrlərdə və mərhələlərdə formalaşdırılıb və hər zaman müəyyən problemlərlə üzləşib. Hazırda isə köhnə sistemin üzərində yenisinin qurulması prosesi gedir ki, bu da təbii olaraq bir sıra qarışıqlıqlar və çətinliklər yaradır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək üçün mütləq şəkildə geniş monitorinq və təhlillər aparılmalıdır. Bu işlər görülmədən konkret fikir bildirmək doğru olmaz. Bu isə o demək deyil ki, şəhərsalma dayandırılmalıdır. Əksinə, bütün proseslər düzgün planlama əsasında həyata keçirilməlidir”.
Ekspert vurğulayıb ki, hökumət artıq yeni şəhərdaxili kollektor xətlərinin tikintisini təsdiqləyib, bu məqsədlə büdcə də ayrılıb və işlər mərhələli şəkildə icra olunur:
“Ümid edirik ki, görülən tədbirlər nəticəsində gələcəkdə bu problemlərin miqyası azalacaq. Lakin burada bir məqam da var: görülən işlər bütün əraziləri eyni vaxtda əhatə etməyəcək. Nəticədə bəzi ərazilərdə problemlər aradan qaldırılacaq, digərlərində isə hələ Kİ, qalacaq. Digər ciddi problemlərdən biri qanunsuz tikililərlə bağlıdır. Bu cür tikililər çox vaxt müvafiq infrastruktur nəzərə alınmadan inşa edildiyi üçün kanalizasiya sistemində əlavə çətinliklər yaradır və mövcud vəziyyəti daha da ağırlaşdırır”.
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə mediaya açıqlamasında bildirib ki, mövcud risklər yalnız paytaxt ərazisi ilə məhdudlaşmır, ölkənin bir sıra bölgələrində də belə halların baş verməsi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, təhlükəni artıran əsas amillərdən biri yağıntı sularının torpağın dərin qatlarına qədər nüfuz etməsidir. Xüsusilə əvvəllər meşə örtüyü ilə zəngin olmuş ərazilərdə suyun üst qatlardan keçərək aşağıdakı gilli təbəqəyə çatması torpaq sürüşmələri üçün əlverişli şərait yaradır. Bu baxımdan meylliliyi 20–25 dərəcədən artıq olan yamaclar daha riskli hesab olunur. Şamaxıdan Ağsu dolayları istiqamətində başlayaraq, Balakənə qədər uzanan zolaqda həm təbii faktorlar, həm də insan fəaliyyəti nəticəsində dayanıqlığı zəifləyən sahələrin mövcudluğu qeyd edilir.
Mütəxəssis hesab edir ki, belə ərazilərdə nəzarət mexanizmləri gücləndirilməli, eyni zamanda, su ehtiyatlarının düzgün idarə olunması ilə bağlı qabaqlayıcı tədbirlər daha operativ şəkildə həyata keçirilməlidir.
Afaq Mirayiq,
Musavat.com
