Bəşər tarixində ən qanlı faciə
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Bunlar tarixdir. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Ermənilər özlərinə saxta tarix yazsalar da daim fakt qarşısında aciz qalırlar. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurmaqla yanaşı, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycan qısa müddətdə buna nail oldu, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıldı. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırımasını təmin etdi. Ulu Öndər Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirdi. Bu tarixi missiyanın davamı olan sözügedən Fərman erməni millətçilərinin keçirdikləri qanlı aksiyaları təsdiqləyən növbəti faktların araşdırılması üçün əlavə imkanlar yaratdı.
Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam edir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.
1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabr ayında isə Silahlı Qüvvələrimiz növbəti Zəfərə imza atmaqla suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayır və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
