Xəzər suyunun azalması Azərbaycan balıqçılığına çox ciddi təsir göstərir"- Rövşən Abbasov

Xəzərin suyu ildən-ilə azalır. Alimlər həyəcan təbili çalırlar ki, hazırda 1970-ci illərdəki vəziyyət təkrarlanır.

Belə ki, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Vaxtilə Xəzərin səviyyəsinin 28 m azaldığı, 1978-ci ildə isə bir metr də azalaraq, dənizin 29 metr dayazlaşdığı bildirilir. Sonradan suyun səviyyəsi qalxmağa doğru gedib. Lakin son beş ildə yenidən Xəzərin səviyyəsində azalma müşahidə edilir.

Bəs Xəzərin suyunun azalması hansı problemlərə səbəb ola bilər?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən ekoloq Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunun azalmasına çox müxtəlif amillər təsir edir. Bunlardan da biri iqlim dəyişmələridir:

"Xəzər suyunun azalması Azərbaycan balıqçılığına çox ciddi təsir göstərir"- Rövşən Abbasov"Havanın temperaturunun uzun müddətli istiləşməsi, həm Xəzər dənizinə tökülən çayların suyunu azaldıb, həm də buxarlanmanı çoxaldıb. Bunun nəticəsində də Xəzər dənizinin su səviyyəsinin azalması prosesi baş verib.

Bu Azərbaycanın sahil infrasturukturuna ciddi ziyan vurub. Xüsusilə də gəmiçilik sektorunda, gəmilərin limanlara yanaşmasında problemlər yaşanmaqdadır.

Hazırda balıqların ekomühitinin getdikcə zəifləməsi baş verir. Suyun teperaturu isinir, dayazlaşma artır, vertikal stratifikasiya güclənir, oksigen dəyəri azalır. Bu da Azərbaycanın balıqçılığına çox ciddi təsir göstərir".