Ədliyyə orqanlarına qəbulla bağlı imtahanın tarixi məlum olub
Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərlə test imtahanı dekabrın birində keçiriləcək.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli keçiriləcək. Belə ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.