Parlaq gələcək və tərəqqi naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Kətəlparaq və Şirvanlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb, ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə danışıb.

Seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə üzvlüyünə namizədlər Baxşeyiş Abdullayev, Bayram Rəhimov, İldırım Quliyev ölkədə aparılan köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat veriblər.

Çıxışlarda daha parlaq gələcək və tərəqqi naminə YAP-ın namizədlərinə səs verməyə çağırış edilib.

Seçicilər adından çıxış edən Zərnigar Quliyeva, Xaləddin Səlimov, Qurban Hacıyev da öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.