Erməniləri vahiməyə salan tankçı

Rantik Aqarunov: Qardaşım Albert qəhrəmanlıqları barədə danışmağı sevməzdi

Mərdliyi, Vətənə sonsuz sevgisi ilə yaddaşlara həkk olunan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov… Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmiş, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olmuş, adını Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırmış yəhudi əsilli bu tank komandirini ölkəmizdə demək olar ki, hər kəs tanıyır. Hətta bu gün də Albert Aqarunov haqqında əfsanələr dolaşmaqdadır. Döyüş yoldaşları onun bir mərmi ilə iki düşmən tankını hədəf aldığını və bu metodu "yəhudi buterbrodu" adlandırdıqlarını söyləyirlər.

Bu günlərdə İsraildən Azərbaycana gəlmiş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı, 61 yaşlı Rantik Aqarunovla görüşüb bir neçə sualla ona müraciət etdik.

- Bəlkə, söhbətimizə Albert Aqarunovun ailəsi ilə tanışlıqla başlayaq?

- Bəri başdan deyim ki, doğma torpağını ürəkdən sevən və 23 yaşında bu yolda şəhid olan Albert haqqında danışmaq mənim üçün olduqca qürurvericidir. Biz  8 qardaş 2 bacı olmuşuq. Albert ailəmizin son beşiyi idi. Ailəmizin hər bir üzvünün ona xüsusi simpatiyası vardı. Biz onu əgər belə demək mümkünsə, əlimizin içində saxlamağa çalışardıq. İmkan verməzdik ki, kimsə ona güldən ağır söz desin. Əslən Quba rayonundan olan atam Aqarun kişi neftçi olub. Mədəndə işləyib. 1941-ci ildə işi ilə əlaqədar  Suraxanıda məskən salıb. Onu da deyim ki, 68 yaşlı atam qardaşımın şəhidliyə qovuşmasının ildönümündən 2 gün sonra dünyasını dəyişdi. O,  oğul dərdinə dözə bilmədi. Anam Lio isə evdar qadın olub. O vaxtın təbirincə desək sadəcə qəhrəman ana idi. 2013-cü ildə Allahın rəhmətinə gedib.

- Albert Aqarunov məktəb illəri barədə nələr deyə bilərsiniz?

- Albert Bakının Suraxanı rayonundakı 154 nömrəli orta məktəbdə təhsil alıb. O, orta məktəbdə orta səviyyədə oxuyan uşaq olub. Onu da deyim ki, bir zamanlar ibtidai sinif müəllimim olmuş  Tamilla Mustafayeva Albertin də müəllimi olub. O bu yaxınlarda dünyasını dəyişib. Albert səkkizinci sinfi bitirəndən sonra 101 nömrəli texniki peşə məktəbində oxuyub və burada sürücü-mexanik  ixtisasına yiyələnib.

- Uşaq yaşlarından musiqilə də maraqlanırmış...

- Elədir. Albert  Suraxandakı musiqi məktəbində təxminən 6-7 il nəfəsli musiqi aləti  sayılan trubanın sirlərinə yiyələnmişdi. Amma nədənsə sonadək bu sənətin dalınca getmədi. O, əsgərlik həyatından sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib.

- Albertin sevdiyi qız vardımı?

- Albert ümumiyyətlə, o dövrürn tələbləri ilə oturub-durardı.  Yəni, əgər belə demək mümkünsə, özündən böyüklərlə, xüsusilə ailəsi ilə arada pərdə saxlayardı. Odur ki, bu barədə nə qardaşlarına, nə bacılarına bir kəlmə belə deməyib. Elə bu səbəbdən dəqiq bir söz deyə bilmərəm.

- Bəs Albetdə tanka maraq haradan idi?

- Albert sovet dönəmində hərbi xidmətini (1987-1989) Gürcüstanın Axalkalaki rayonunda keçirib. Özü də tankçı kimi. Hətta orada o, starşina rütbəsi alaraq tank komandiri olub. Görünür, onda tanka həvəs elə o illərdən yaranıb.

- Cəbhəyə könüllü getmişdi?

- Bəli... O, 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsinə könüllü getmişdi. Hətta o zaman Albert gəncləri Vətən uğrunda döyüşlərə səsləyirdi. Qardaşımın ən yaxın dostu, qonşumuzda yaşayan Hamlet Məmmədov da onun çağırışına səs verənlərdən bir olmuşdu. Təəssüf ki, hələ də onun taleyindən bir xəbər yoxdur.

“Dedi ki, Şuşadayam”

-Albertlə son görüşünüzü necə xatırlayırsınız?

- Mən onu 1992-ci ilin aprel ayında, ad günündən 10-15 gün qabaq görüşmüşəm (Onun ad günü aprelin 25-dir). O zaman Alberti yola salarkən onun mənə dediyi sözlər indiki kimi yadımdadır. Dedi ki, Şuşadayam. Darıxmayın, Şuşa alınmaz qaladır, ora ermənilər heç vaxt girə bilməzlər. Bilirsinizmi, onda Albertdə o qədər böyük inam vardı ki... Amma təəssüf ki,  mayın səkkizi xəbər gəldi ki, Albert vurulub... Onu da deyim ki, qardaşım nəyin uğrunda vuruşduğunu yaxşı bilirdi. Hətta Albertlə  bağlı bir videoda ondan soruşurlar ki, yəhidiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir? O da çox tutarlı cavab verir. Deyir ki, mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada. Ayrı heç nə məcbur eləmir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda bir yerdə düşmənə qarşı mərdliklə vuruşub və bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu mənada etnik və dini rəngarəngliyin Azərbaycanın milli sərvəti olduğunu deyə bilərəm. Qürur duyulası haldır ki, bu gün Azərbaycanı özünə ana Vətən sayan bütün xalqların övladları bu torpağın, bu yurdun qədrini bilirlər, onun təəssübünü çəkirlər, şərəfini uca tuturlar.

- O illərdə Albertlə əlaqədar evinizə zənglər olunurdumu?

- Adətən, onunla bağlı evimizə tez-tez telefon zəngləri olardı.  Hətta bir dəfə Müdafiə Nazirliyindən zəng edərək atama dedilər ki, fəxr edə bilərsiniz ki, Vətən üçün belə bir oğul böyütmüsünüz.  Şübhəsiz, bütün bunlar qardaşımın neçə bir döyüşkən tankçı olmasının təsdiqi idi.

- Bəs ermənilərin Albertin başına pul mükafatı qoyduğunu bilirdinizmi?

- Sözün düzü, şəxsən mən bütün bunlardan Albert şəhid olandan sonra hali oldum. Həm də öyrəndim ki, Albert öz tankı ilə döyüş meydanlarında qeyri-adi, gözlənilməz ma­nevrlər edən, düşməni vahiməyə salan, tankdan açdığı sərrast atəşlər ilə hədəfləri susdurmağı bacaran bir döyüşçü olub. Odur ki, qardaşımın adı çəkiləndə erməni əsgər və zabitləri xofa düşürdülər. Bilisinizmi, o, hərdən evə gələndə də öz qəhrəmanlıqları barədə danışmağı sevməzdi.

- Ərazilərimiz işğaldan azad olununda hansı hissləri keçirdiniz?

- İnandırım sizi elə sevindik ki... O hisslərimi isə dilə gətiriməkdə çətinlik çəkirəm. Hətta Ermənistan üzərində qazanılan tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror əməliyyatından sonra çıxışlar etdim. İsraildə olsam da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını bir şəhid qardaşı kimi hamıya bir daha çatdırdım, Azərbaycan xalqını təbrik etdim. Allah bütün şəhidlərə rəhmət eləsin, məhz onların qanı-canı bahasına torpaqlar işğaldan azad olundu. Bütün bunlar isə mənə belə deməyə  haqq verir ki, bu gün milliyyətcə yəhudi olan Azərbay­canın qorxubilməz oğlu Albert Aqarunovun və digər şəhidlərimizin ruhu şaddır.

“Şuşada şəhid olduğu yerdə abidəsinin ucaldıması da yaxşı olardı”

- Albert Aqarunova Azəbaycanın Milli Qəhrəmanı adı verilməklə yanaşı, Bakıda onun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılıb, haqqında filmlər çəkilib. Bir zamanlar təhsil aldığı məktəbə onun adı verilib. Bakıda, Qubada Qırmızı qəsəbədə adına küçələr var. Onun adı ilə bağlı müxtəlif yarışlar təşkil edilir. Hətta 1992-ci ildə Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılan, ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib. Şübhəsiz, bütün bunlar Azərbaycanın yəhudi əsilli Albert Aqarunova verdiyi yüksək qiymətdir.

-Bəri başdan bütün şəhidlərimizə, o cümlədən şəhid qardaşıma göstərilən  bu diqqətə görə, Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə ailəmiz adından bir daha minnətdarlığımı bildiririəm. Amma  milli qürur sivmoluna çevrilən Albert Araqunovun Şuşada şəhid olduğu yerdə abidəsinin ucaldıması da yaxşı olardı. Güman edirəm ki, bu da realaşacaq.

- Albert Azərbaycanda kifayət qədər tanınır. Bəs İsraildə necə?

- Demək olar ki, İsrailin 30-40 faizi Alberti tanıyır. Şübhəsiz, bu məsələdə İsrail mətbuatının rolu danılmazdır. Onu da deyim ki, İsraildən Bakıya gələnlər bir qayda olaraq onun məzarını ziyarət edir və rəhmət oxuyurlar.

- Daha nələr demək istrərdiniz?

- Alberti unutmadıqlarına, onu xatırladıqlarına görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Şübhə etmirəm ki, nə qədər Azərbaycan var, şəhidlərimizin, o cümlədən Albert Aqarunov kimi qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaq. Yeri gəlmişkən, mən bu gəlişimdə Albertin məzarını ziyarət etməklə yanaşı, onun təhsil aldığı məktəblərə də baş çəkdim, qardaşımla bağlı keçirilən tədibirlərdə iştirak etdim. Və bunun bir daha şahidi oldum. Azərbaycan xalqının öz qəhrəman övladının əziz xatirəsini heç vaxt unutmayacağına bir daha əmin oldum. Bir də sevinirəm ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündən-günə möhkəmlənməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”