“Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 12-də davam etdirilib.
Məhkəmədə Ermənistanın işğal siyasətinin tərkib hissəsi olaraq həmin ölkənin silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunda, o cümlədən rayonun Başlıbel kəndində, “Tunel” adlanan ərazisində və digər ərazilərində azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi, azərbaycanlı olduğuna görə dinc sakinlərə qarşı xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı zərərçəkmiş şəxslər ifadə verib.
İfadə verən zərərçəkmiş şəxs Habil Ələsgərov bildirib ki, aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başlayıb. “Kəndə hücum edən Ermənistan silahlı qüvvələrinin hərbçiləri evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.
Zərərçəkmiş şəxs əlavə edib ki, Ermənistan ordusunun kahaya hücumu nəticəsində anası qolundan güllə yarası almışdı: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənistan silahlı qüvvələri mülki əhaliyə heç bir sual vermədən görən kimi öldürürdülər. Orada xarici ölkələrdən muzdlular da var idi. Girov düşməmək üçün qaçdım ki, bəlkə məni öldürərlər. Amma qaça bildim. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atmışdılar, hava soyuq olduğu üçün donaraq ölmüşdü. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavab olaraq H.Ələsgərov deyib ki, Başlıbel üçün yeganə çıxış “Tunel” kimi tanınan yol olub. Lakin Ermənistan ordusu orada pusqu quraraq yolu bağlayıb. Ərazidə gizlənmək üçün meşə də olmadığından ümid kahalara qalıb. O, həmin kahalarda günlərlə ac-susuz, qaranlıqda qaldıqlarını deyib. Bildirib ki, onlar ya kahalarda acından ölməli, ya da həyatlarını təhlükəyə ataraq gecə gizli şəkildə kəndə ərzaq dalınca getməli idilər.