SOS! Çimərliklər açılmayıb, Xəzər artıq can alır

Su hövzələri çəpərlənməli, təhlükəli ərazilərdə kamera və nəzarət sistemləri quraşdırılmalıdır; FHN rəsmisi: “Təhlükəsizlik qaydalarını bildiriş formasında bütün çimərlik operatorlarına təqdim etmişik”


Astarada tələbə nəzarətsiz ərazidə çimərkən boğulub. Boğulan şəxs Lerik rayon sakinidir. Astara Humanitar Kollecinin tələbəsi “Azriba” deyilən çimərlikdə boğularaq ölüb. Boğulan şəxsin kimliyi dəqiqləşdirilir. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Sabirabadda isə 16 yaşlı oğlan kanalda boğulub. Rayonun Əhmədabad kənd sakini, 2009-cu il təvəllüdlü Bilalov Bayram Şahin oğlu su kanalında çimərkən batıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Göründüyü kimi, çimərlik mövsümü hələ açıq elan edilməmiş dənizdə, çayda, kanalda boğulma halları baş verir.

Əslində hər il bu vaxtlar bu cür faciələr yaşanır. Bu, daha çox diqqətsizlikdən, çimmək üçün nəzərdə tutulmayan yerlərə girməkdən və üzməyi bacarmamaqdan irəli gəlir. Rəsmi qurumların yaydığı məlumatda da bildirilir ki, boğulanlar bir sıra hallarda nəzarətsiz ərazilərdə suya girir.
Bəs Xəzərdə boğulmamaq üçün nələrə diqqət etmək lazımdır?

Azərbaycan qanunvericiliyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girmək təhlükəlidir və məsləhət görülmür. Rəsmi məlumatlara görə, Azərbaycanda Xəzərin şimalından cənubuna doğru 950-dən artıq çimərlik tipli məntəqə var. Üstəlik, ölkədə çaylar, göllər, kanallar, su anbarları və digər sututarlar da mövcuddur.

Digər tərəfdən, ölkədə bu sahədə maarifləndirmə işlərinin zəif olması da problemlərdən biridir. Xüsusilə məktəblərdə və gənclər arasında üzgüçülüklə bağlı praktiki biliklərin verilməməsi, yay mövsümündə profilaktik tədbirlərin görülməməsi faciələrin təkrarlanmasına səbəb olur. Həmçinin su hövzələrinin çəpərlənməməsi, təhlükəli ərazilərdə kamera və nəzarət sistemlərinin quraşdırılmaması da riskləri artırır.

Ekspertlərə görə, problemin kökündə qanunvericilik və struktur çatışmazlıqları dayanır. “Çimərliklərin lisenziyalaşdırılması sistemində boşluqlar var. Hər il rəsmi olaraq açıq elan edilən çimərliklərin sayı məhduddur. İnsanlar bu ərazilərdən kənarda çimirlər. Xüsusi nəzarət qurumlarının koordinasiya zəifliyi də qeyd edilir. Bildirilir ki, FHN, bələdiyyə və digər qurumlar arasında bölgü və əməkdaşlıq yetərsizliyi hökm sürür. Eyni zamanda maarifləndirmə kampaniyaları da çox zəifdir, məktəblərdə, televiziya və sosial şəbəkələrdə mövsümqabağı geniş kampaniyalar aparılmır.

Bu kimi faciələrin qarşısını almaq üçün daha ciddi və sistemli tədbirlərə ehtiyac var. Su təhlükəsizliyi yalnız fərdi məsuliyyətlə deyil, eyni zamanda dövlət və cəmiyyət səviyyəsində yanaşma tələb edən sahədir. Maarifləndirici kampaniyalar, xəbərdarlıq nişanlarının artırılması, çimərlik infrastrukturlarının genişləndirilməsi və yerli səviyyədə xilasedici qrupların yaradılması insanların həyatını xilas edə bilər. Ən əsası isə vətəndaşların, xüsusilə də gənclərin bu mövzuda biliklərinin artırılması və suya məsuliyyətli yanaşmasının formalaşdırılması olduqca vacibdir.

b1299b1a-0aa2-49e6-a839-f6d341ad761d.jpeg (80 KB)

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb. O deyib ki, hər il çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür: "Ötən illərdə olduğu kimi, bu il də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları yerli icra nümayəndələrinin iştirakı ilə may ayından etibarən sahilboyu ərazilərdə monitorinqlər keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli ərazilərin, təhlükəli çimərliklərin müəyyən edilməsi, həmçinin çimərlik sahibkarlarına ( termin olaraq “çimərlik operatorları” deyilir) təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.

Özəl çimərliklərdə insanların sularda təhlükəsizliyi bilavasitə çimərlik operatorları tərəfindən təmin olunmalıdır.

Bu təhlükəsizlik qaydaları hansılardır? Biz bildiriş formasında bütün çimərlik operatorlarına bunu təqdim etmişik. Daha sonra bu monitorinqin nəticəsi olaraq aidiyyəti icra hakimiyyətləri rəhbərlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə müşavirələr keçirilib və bu müşavirələrdə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli istiqamətində hər quruma aidiyyəti üzrə icra rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Hazırda xidmətin nəzarət etdiyi çimərliklərdə və “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır. Mən deyərdim ki, təhlükəsizlik tədbirləri içərisində ən vacib tədbirlərdən biri məhz sualtı müayinələrin aparılmasıdır. Çünki son dövrlərdə Xəzər dənizində suyun çəkilməsi, suyun səviyyəsinin enməsi nəticəsində müxtəlif proseslər baş verib, bəzi yeni təhlükələr yaranıb.

Xəzər dənizi elə bir coğrafi relyefdə yerləşir ki, ilin təxminən 250 günündən çox hissəsində Xəzərdə güclü külək müşahidə olunur və bu külək nəticəsində yaranan dalğalanma sahil zolağına yad cisimlər, daş-qaya parçaları, digər təhlükəli strukturlar gətirə bilir.

Məhz bütün bu faktorlar insan həyatı üçün təhlükə yaradır. Bu təhlükəni qabaqcadan müəyyən etmək üçün - bir daha qeyd edirəm - xidmətin nəzarət etdiyi çimərliklərdə və “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə dalğıclar vasitəsilə müayinələr aparılır, təmizləmə işləri həyata keçirilir və hər hansı bir hissədə qəfil dərinlik, çuxur varsa, həmin hissədə xüsusi nişanlar yerləşdirilir.

Bundan başqa, xidmətin nəzarət etdiyi çimərliklərdə və “İDEA”nın təşəbbüsü ilə yaradılmış çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdiriləcək. Bu işlərə də artıq başlanılır. Növbəti proseslər isə xidmətin balansında olan xilasetmə texnika vasitələrin işlək vəziyyətə gətirilməsi, həmçinin dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların qoyulması işləri davam etdiriləcək. Bütün bu təhlükəsizlik tədbirləri iyunun 15-dək artıq yekunlaşacaq və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti iyunun 15-dən gücləndirilmiş rejimdə bütün təhlükəsizlik tədbirlərini görməklə fəaliyyətə başlayacaq".

Vətəndaşların bəzi su hövzələrində boğulması hallarına gəlincə, qurum rəsmisi deyib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarət olunmayan çimərliklərdən istifadə edir: “Eləcə də, təhlükəli ərazilərdən, o cümlədən xüsusən bölgələrdə məqsədi çimərlik kimi nəzərdə tutulmamış suvarma kanallarından, süni göllərdən, su anbarlarından, çaylardan və digər su hövzələrindən istifadə edirlər ki, bu da sonda bədbəxt hadisələrə səbəb olur.

Bu hövzələr mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olduğundan, buradan istifadə edən vətəndaşların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Odur ki, bir daha vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, xilasetmə texnika vasitələri mövcud deyilsə, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib və bu kimi ərazilərdən istifadə təhlükəlidir.

Bir faktı nəzərinizə çatdırım ki, indiyə qədər sözügedən xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Ötən il ərzində xidmət əməkdaşları tərəfindən 165 nəfər sudan xilas olunaraq həyata qaytarılıb. Onlar hazırda sağlam həyatlarını davam etdirirlər. Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də nəzarət olunan çimərliklərdən istifadə edilməli və çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraitinə də xüsusi diqqət yetirilməlidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. O cümlədən hava qaraldıqdan sonra çimərlikdə suya girmək təhlükəlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”