Rusiya miqrantlarla bağlı siyasəti sərtləşdirir - yeni tələb
Azər Allahverənov: “Bir il ərzində Rusiyadan deportasiya olunanlar üçün dövlət hesabına 10 milyon dollardan çox vəsait xərclənib”
Natiq Cəfərli: “Hökumət Rusiyadan qayıdacaq azərbaycanlılarla bağlı proqramlar hazırlamalıdır”
Rusiya Dövlət Dumasının “Yeni adamlar” fraksiyasının deputatları ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə məktub göndərərək, əmək miqrantlarını Rusiya Federasiyasına daxil olarkən qanun pozuntusuna yol verdikləri halda deportasiya xərclərini ödəyəcək depozit qoymağa məcbur etmək təklifi ilə çıxış ediblər.
Yeni tələb Rusiyaya miqrant axınına və soydaşlarımızın durumuna necə təsir edə bilər?
Milli Məclisin deputatı Azər Allahverənov mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, qanunların sərtləşdirilməsi bir qism miqrantın maraqlarına cavab vermir.
Deputat əlavə prosedurların, əngəllərin, əlavə xərclərin yarandığına diqqət çəkdi: “Rusiya ilə vizasız gediş-gəlişi olan vətəndaşlar ölkəyə giriş barədə 72 saat qalmış aidiyyəti qurumlara məlumat verməlidirlər, onlara "QR kod" verilir. Bəzi qaydalar var ki, əlavə vəsait, yaxud vaxt itkisi yaradır. Depozit məsrəfləri də bunlardan biridir. Ölkə ərazisinə giriş edən şəxslərin heç də hamısı istirahətə gəlmir. Müəyyən hissə Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq istəyir. Bu da o deməkdir ki, insanların əlində müəyyən qədər vəsait olmalıdır və bu vəsait depozit hesabına köçürülməlidir. Əgər şəxsin qanunsuz miqrant kimi ölkədən çıxarılması barədə qərar qəbul edilərsə, bu həmin vəsait hesabına həyata keçirilə bilər. Keçən ilin sentyabr ayından etibarən yeni qaydalar tətbiq edilir. Bu ilin yanvar və fevral aylarından etibarən isə intensiv deportasiya prosesi başlayıb.
Məlumata əsasən, bir il ərzində Rusiyada deportasiya olunanlar üçün dövlət hesabına 10 milyon ABŞ dollarından çox vəsait xərclənib. Hökumət bu yükü azaltmaq üçün depozit məsələsini gündəmə gətirir. Bu isə miqrantlara narahatlıq yaradan haldır. Onların heç də hamısının depozit qoymağa imkanı olmaya bilər. Sözügedən təklif Rusiyaya səfər etmək istəyən insanların qərarına mənfi təsir edə bilər. Azərbaycanla Rusiya arasında miqrasiya mübadiləsi bir zamanlar intensiv idi. Son illərin statistikasına nəzər saldıqda prosesin nisbətən səngidiyini müşahidə edirik. Bu, Azərbaycandan Rusiyaya səfər etmək istəyən, orada əmək fəaliyyəti ilə məşğul olmaq niyyəti olan və nisbətən aztəminatlı ailədən olan şəxslər üçün problem yarada bilər".
A.Allahverənov hesab edir ki, depozit vəsaitinin məbləği ilə bağlı dəqiq fikir bildirmək hələ tezdir: “Depozit məbləği 1000 dollar, yaxud daha az, 500 dollar həcmində müəyyən edilə bilər. Hətta bu məbləğ ölkəyə görə dəyişə bilər. İstənilən halda bu, xüsusilə işsizlikdən əziyyət çəkən aztəminatlı şəxslər üçün böyük vəsait hesab olunur.
Rusiya yeni "alətlərin" tətbiqində maraqlıdır. Bu, təklif kimi irəli sürülüb, aidiyyəti qurumlar bunu dəyərləndirəcəklər. Qərar qəbul edilərsə, xüsusilə Mərkəzi Asiyadan olan miqrantlara mənfi təsir edəcək, çünki bu istiqamətdə Rusiyaya miqrant axını çox yüksəkdir".
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiyada miqrantlara qarşı qanunlar daha da sərtləşəcək. Partiya sədrinin sözlərinə görə, bunun bir neçə səbəbi var: “Rusiya daxilində iqtisadi, sosial problemlərin olduğu heç kəsə sirr deyil. Hökumət hesab edir ki, daxili problemlərin "günahkarı" miqrantlardır. Rusiya hökuməti bunun anormal idarəetmə sistemi, korrupsiya ilə əlaqəli olduğunu qəbul etmək istəmir. Əksinə, həm deputat fraksiyaları, həm də rəsmi kanallar vasitəsilə əhaliyə mesaj verir ki, günah miqrantlardadır. Buna görə də son iki ildə miqrasiya haqqında qanunlar sərtləşdirilir. Bunu nəzərə almaq lazımdır.
Rusiyada yaşayan azərbaycanlıların gələcəyi ilə bağlı müəyyən planların qurulmasına ehtiyac var, çünki azərbaycanlıların əksəriyyəti Rusiya vətəndaşıdır. Onlara qarşı heç bir addım atıla bilməz. Qanuna edilən dəyişikliklər Rusiya pasportu olanlara aid deyil. Qanuni və qeyri-qanuni çalışan, Rusiya vətəndaşı olmayan miqrantlarla bağlı müəyyən addımlar atıla bilər. Onların bəziləri ölkəyə qayıda bilərlər. Biz buna hazır olmalıyıq. Ən önəmlisi bunu təhlükə kimi görmək lazım deyil. Mənə elə gəlir ki, bu, hətta fürsətdir. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, köç prosesi davam edir, əlavə işçi qüvvəsinə ehtiyac var. Qarabağa köçən insanların sayı artmalıdır.
Rusiyadan qayıtmaq ehtimalı olan miqrantların bir qismini Qarabağda və Şərqi Zəngəzurda işlə təmin etmək olar. Rusiyada çalışan azərbaycanlıların bir qismi əslən qarabağlıdır. Bu baxımdan geri dönmə ehtimalı olan azərbaycanlılarla bağlı Azərbaycan hökuməti proqramlar hazırlamalıdır".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”