Moskva və Bakı arasında kritik 34-cü maddə müzakirəsi

Qırılma nöqtəsi çatdı?; Moskva Ermənistanı cəzalandırmaq üçün ciddi təzyiq mexanizmlərini işə sala bilər

Ötən həftəsonu Moskvada xarici işlər nazirinin müavini Sergey Verşininlə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev arasında görüş keçirilib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Rusiya nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Söhbət zamanı tərəflər iki ölkənin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparıblar. Görüşün əsas mövzusu Moskva ilə Bakı arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq olub. Xarici İşlər Nazirliyi qeyd edib ki, görüş iştirakçıları ölkələr liderləri tərəfindən 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsinin vacibliyinə diqqət çəkiblər.

Yada salaq ki, Azərbaycan və Rusiya sazişin 34-cü maddəsində beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım etmək öhdəliyi götürüb. Daha detallı desək, razılaşmada mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı, ictimai qayda əleyhinə olan, dövlətin daxili işlərinə qarışmağı hədəfləyən çağırışlar, habelə, yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və s. məsələlərlə mübarizədə müttəfiq davranışlar nəzərdə tutulurdu.

Aydındır ki, informasiya savaşının davam etdiyi şəraitdə ermənilərin Rusiyanın informasiya məkanında Azərbaycana qarşı əvvəlki kimi effektiv fəaliyyət qura bilməyəcəyinə ümid vardı. İkincisi, zaman-zaman Rusiya mediasında, xüsusən erməni oliqarxların nəzarətində olan Rusiya KİV-lərində anti-Azərbaycan fəaliyyətin “əl-qolu”nun yığışdırılacağına da ümid vardı. Amma...

Son vaxtlar Rusiyada erməni revanşizminin alovlandırılması tendensiyası müşahidə olunur. “İzvestiya” qəzetinin Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibəsində səsləndirdiyi fikirlər buna aydın sübutdur. Müsahibədə Rusiyanın 90-cı illərdə ermənilərə hərbi dəstəyi vurğulanır, “İzvestiya” əməkdaşının bir neçə dəfə Qarabağı “artsax” adlandırması, sabiq nazirin faktiki olaraq Azərbaycana qarşı dirəniş göstərməyəcəyi təqdirdə Rusiyanın dəstəyini ala bilməyəcəyini etiraf etməsi təsadüfi deyil.

Bundan başqa, Azərbaycan əleyhinə yalan və təxribat xarakterli məlumatlar yaydığı üçün “Tsarqrad” kanalı bloklanıb. Azərbaycanda da medianın fəaliyyətinin Rusiya tərəfindən ciddi təftiş edildiyi şübhə doğurmur. Bu azmış kimi, Duma üzvləri Azərbaycan əleyhinə çıxışlarda sanki xora qoşulub, cərgəyə düzülərək bir-bir aşağılayıcı, ittiham xarakterli bəyanatlar səsləndirirlər. Bu məsələdə də götürülən öhdəliklərin pozulması hallarına rast gəlmək mümkündür. Həmçinin Rusiya ərazisindən Azərbaycanın elektron mediasına kiberhücumun təşkil edildiyi təsdiq olunub ki, bu da 34-cü maddənin ruhuna ziddir.

Belə bir vaxtda isə XİN-də nazir müavini ilə səfirimizin müzakirə aparması maraq doğurur. Lakin görüş təşəbbüsünün hansı tərəfdən gəldiyi hələ ki bilinmir. Amma müzakirə mövzusundan görünür ki, hər iki tərəfi narahat edən məsələlər var.

Bəs bu narahatlığı yaradan kim oldu, Rusiya ilə sözügedən bəndi yerinə yetirmək niyə mümkün olmadı?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Moskva bəyannaməsində müttəfiqliyə dair bütün məsələlər öz əksini tapıb: “Bu saziş əsas verir ki, Rusiyada dövlət tərəfindən anti-Azərbaycan qüvvələrin fəaliyyətinə çərçivə qoyulsun. Amma media resurslarında, bir sıra tribunalarda, Dumada ölkəmiz əleyhinə fikirlər səslənməkdədir. Bu sənədi bəyannamə kimi qəbul edənlər də var. Amma nəzərə almaq lazımdır ki, bu sazişi dövlət başçıları imzalayıb. Ona görə Rusiya bu sənədin müddəalarının pozulmasına imkan verməməlidir”.

X.Bəşirov qeyd edib ki, bu günlərdə Azərbaycan parlamentində informasiya təhlükəsizliyi müzakirə edilib: “Milli Məclisdə Rusiyanın kiberhücumları yada salındı. Yəni Rusiya özü müttəfiqlik bəyannaməsinin müddəalarına riayət etməlidir. Əfsus ki, bizə qarşı həmin dairələr kifayət qədər fəallaşıblar və Rusiya dövləti onların qarşısının alınması istiqamətində addım atmır. Halbuki bu yöndə öhdəlik götürüb. İnformasiya təhlükəsizliyi dünyada ən vacib problemlərdən biridir. Rusiyanın müvafiq orqanları da addımlar atırlar. Əks halda, münasibətlərin zədələnməsinə səbəb olurlar. Ümumiyyətlə, Rusiyanın Azərbaycanla əlaqələri korlaması onun geostrateji maraqlarına cavab vermir. Çünki işğalçı hərəkətləri səbəbindən təcrid olunmaqdadır və belə şəraitdə Moskva Bakı ilə müttəfiqlik sazişinin bəndlərinə uyğun davranmalıdır”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiyada media müstəqil olmadığı üçün son vaxtlar müşahidə olunan anti-Azərbaycan ritorikası da verilən təlimatın nəticəsidir: “Azərbaycan mətbuatında da Rusiya siyasətinin tənqid olunmasını görmək mümkündür. Sadəcə, bizdən fərqli olaraq, Rusiyada aşağılayıcı fikirlərə yol verilir, təxribatçı hərəkətlərin şahidi oluruq, kiberhücumla üzləşirik. Axı Azərbaycan ərazisindən Rusiyanın onlayn mediasına kiberhücum olmayıb?! Amma qarşı tərəfdən bu addım atılır. Təbii ki, Kremldə anti-Azərbaycan klanlar mövcuddur. Hərçənd Prezident Əliyevlə Putin arasında yüksək etimad var, bununla belə həmin qruplar əlaqələrə zərər vuran addımlar ata bilirlər. Görünür ki, Lavrovun müavini ilə səfirimiz arasında müzakirə edilən əsas mövzu mətbu müstəvidə olan hibrid savaşın yaratdığı narahatlıqlardır”.

Siyasi şərhçi 34-cü maddənin işləməsi üçün Rusiyanın siyasətində səmimi olmasını zəruri sayır: “Bizim heç bir deputatımız Rusiyanı təhqir etməyib. Amma onların deputatı Azərbaycana "aul" dedi. Başqa biri daha kobud ifadələrə yol vermişdi. Söhbət informasiya sahəsində əməkdaşlıqdan, mübadilədən gedirsə, onların ağzını yumsunlar, öz qəzetlərinə, saytlarına da dayanmaq tapşırığı versinlər. Yəni bu razılaşmanı qarşı tərəf pozur. Azərbaycanda Rusiyanın aşağılanması faktı yoxdur. Onların internet kanallarında isə təhqirə yol verilir. Əgər öhdəlik götürülübsə, bu mənfi hallara şərait yaradılmamalıdır. Azərbaycan mediasında Putinin ünvanına hər hansı alçaldıcı ifadəyə rast gəlinə bilməz. Rəsmi Moskva bu detalları nəzərə almalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”