Azərbaycanda detektivlər niyə yoxdur?
Dünyada milyardlıq sahə, bizdə qadağan olunmuş peşə...
Uzun illərdir Azərbaycanda özəl detektiv xidmətlərinin yaradılması ilə bağlı mütəmadi olaraq informasiyalar yayılsa da, bu istiqamətdə real addımların atıldığını demək mümkün deyil. Vaxtilə Milli Məclisə bu sahəni tənzimləyəcək qanun layihəsinin təqdim edildiyi bildirilsə də, sənəd nə ictimai müzakirəyə çıxarıldı, nə də parlamentdə müzakirəyə səbəb oldu. Beləliklə, Azərbaycanda detektiv xidməti hələ də hüquqi status qazanmamış bir sahə olaraq qalır.
Bununla belə, dünyada detektivlik sektoru qanunla tənzimlənən və olduqca gəlirli fəaliyyət sahəsi hesab olunur. İnkişaf etmiş ölkələrdə özəl detektiv agentlikləri həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə xidmət göstərərək, şəxsi həyat, kommersiya sirri, intellektual mülkiyyət, kadr yoxlamaları, xəyanət, oğurluq və digər bu kimi məsələlərdə əhəmiyyətli informasiya və sübut toplayırlar. Bu sahə təkcə cəmiyyətin hüquqi təhlükəsizliyi deyil, eyni zamanda biznes mühitində şəffaflıq və məsuliyyətli davranış prinsiplərinin qorunmasında da rol oynayır.
Dünyada ilk detektiv agentliyi 1834-cü ildə Fransada yaradılıb. O dövrdə bu xidmət əsasən iş adamlarını və kommersiya strukturlarını bankrotluqdan və dələduzluqdan qorumaq məqsədi daşıyırdı. Sadəcə 20 frank qarşılığında müştərilərinə investisiya və maliyyə riskləri haqqında məxfi məlumat təqdim edən agentlik o zaman Parisin çiçəklənən ticarət dairələri üçün əvəzsiz informasiya mənbəyinə çevrilmişdi.
Detektivlər yalnız kommersiya sahəsində deyil, həm də şəxsi həyatla bağlı məsələlərdə - həyat yoldaşının xəyanətinə dair sübutlar toplamaqdan tutmuş, oğurlanmış əşyaların axtarışına qədər - geniş spektrli işlərdə fəaliyyət göstərirdilər. Məhz bu səbəbdən detektiv agentlikləri sonrakı dövrlərdə Avropada, ABŞ-da və bir çox digər ölkələrdə yayılmağa başladı.
Xüsusilə ABŞ-da yaradılan və bu gün də fəaliyyətdə olan məşhur “Biz heç vaxt yatmırıq” (“We Never Sleep”) sloqanı ilə tanınan Pinkerton Detektiv Agentliyi özəl təhlükəsizlik sektorunun simvollarından birinə çevrilib. Hazırda bu agentliyin ABŞ və Kanadanın 48 şəhərində filialları var və milyonlarla müştəriyə xidmət göstərir. Maraqlıdır ki, Pinkerton Agentliyi ABŞ-da dövlət strukturlarının belə etibar etdiyi orqanlardan biri kimi tarixə düşüb - Avraam Linkolnun həyatına sui-qəsdin qarşısını almaqda da bu agentlik rol oynamışdı.
Azərbaycanda nəyə görə bu sahə yaranmayıb?
Azərbaycanda detektivlik fəaliyyətinin olmamasının səbəbləri çoxistiqamətlidir. Ən əsas səbəb bu sahəni tənzimləyən hüquqi çərçivənin mövcud olmamasıdır. Hazırda ölkədə belə bir fəaliyyət növü qanunla nəzərdə tutulmadığı üçün şəxslər özəl detektiv fəaliyyəti göstərsələr belə, bu, qeyri-qanuni və ya ən yaxşı halda “boz zona” sayılır.
Məxfiliyə həssaslıq və ictimai etimadsızlıq da bu məsələdə rol oynayır. Azərbaycanda şəxsi həyatın toxunulmazlığı, məlumatların konfidensiallığı məsələləri çox həssas sayılır. İctimai rəyə görə, detektivlərin fəaliyyətləri çox zaman “izləmə”, “gizli dinləmə”, “şəxsi həyata müdaxilə” ilə eyniləşdirildiyi üçün bu sahəyə etimad formalaşmayıb.
Həmçinin hazırda cinayətlərin araşdırılması, məlumatların toplanması və təhlükəsizlik məsələləri yalnız dövlət strukturlarının - Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Prokurorluq orqanlarının səlahiyyətindədir. Detektiv agentliklərinin yaranması bu monopoliyanın qismən pozulması anlamına gələ bilər.
Eyni zamanda peşəkar hazırlıq və nəzarət mexanizmi yoxdur. Özəl detektivlərin fəaliyyətinə nəzarət mexanizmi, onların hüquq və vəzifələrini tənzimləyən çərçivə və peşəkar təlim sistemləri mövcud deyil. Bu isə risklərin artmasına səbəb olur.
Ekspertlər hesab edir ki, Azərbaycanda özəl detektiv xidmətlərinin yaradılması hüquqi baxımdan mümkündür. Bunun üçün ilk növbədə detektiv fəaliyyəti haqqında ayrıca qanun qəbul olunmalı, həmin fəaliyyətin çərçivəsi, sərhədi müəyyənləşdirilməlidir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a bildirib ki, Azərbaycan konstitusiyasında detektiv fəaliyyəti qadağan edən nüanslar yoxdur: “Prinsipcə, bu xidməti yaratmaq mümkündür. Bu bir çox Qərb ölkələrinin təcrübəsində bu var. Qismən də olsa, Azərbaycan təcrübəsində də belə xidmət olub. Şübhəsiz ki, onun səlahiyyətləri, fəaliyyət çərçivələri, statusu Avropadakı kimi olmayıb. Hesab edirəm ki, detektiv xidmətin fəaliyyət çərçivəsini müəyyənləşdirən qanunvericilik bazası olmalıdır və bu istiqamətdə cinayət məcəlləsində dəyişikliklər edilə bilər. Bu xidmətdən Avropada çoxdan istifadə olunur. Hətta istifadə tarixi 19-cü əsrə gedib çıxır. Bu xidmət Amerikada və Qərbdə institutsional bir səviyyədədir, hüquq-mühafizə orqanları ilə yanaşı fəaliyyət göstərir. Onlar bir-birindən faydalanırlar, münasibətləri qarşılıqlıdır. Eyni zamanda belə xidmətlər hüquq-mühafizə orqanları üçün rəqabət mühiti yaradır və onların məsuliyyətini bir qədər də artırır. Çünki detektiv alternativ material ortaya qoya bilir. Polis isə öz işgüzar imicinin zəifləməməsi naminə daha effektiv çalışır ki, detektivə rəqabətdə uduzmasın”.
Sosioloq deyir ki, detektiv xidmətinin Azərbaycan təcrübəsində də tətbiqi yaxşı olardı: “Azərbaycanda bununla bağlı qanun layihəsinə ehtiyac var. Çünki xidmətlə bağlı ictimai və sosial sifariş aydın görünür. Təsadüfü deyil ki, sosial şəbəkə və sosial mediada biz detektiv axtarması ilə bağlı elan verən insanlara rast gəlirik. Bir məqamı da qeyd edim, bəzi dırnaqarası detektivlər də sosial şəbəkə üzərindən xidmətlər təklif edirlər. Lakin onlar bilmir ki, Azərbaycanda bu fəaliyyət qanunla qadağan olunub. Belə xidmətlərin göstərilməsi üçün qanunda dəyişikliklər edilməli, baza yaradılmalıdır. Belə bir xidmətin ölkəmizdə tətbiqi yaxşı olardı, lakin detektivlərlə hüquq-mühafizə orqanları arasındakı sərhədlər və münasibətlər aydınlaşdırılmalıdır. Onlar sağlam rəqabət mühitində olmalıdırlar”.
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirib ki, hazırda Azərbaycanda detektiv xidmətləri qanunla tənzimlənmir və bu sahədə fəaliyyət göstərənlər qeyri-rəsmi şəkildə işləyirlər. Lakin gələcəkdə bu xidmətlərin qanuniləşdirilməsi mümkündür: “Bu, əvvəllər Milli Məclisin müzakirə mövzusu olub və gələcəkdə yenidən gündəmə gələ bilər. Bir çox hüquq firmaları və keçmiş polis işçiləri bu sahədə xidmətlər təklif edirlər. Lakin bu fəaliyyətlər qanunla tənzimlənmədiyi üçün müəyyən məhdudiyyətlərlə üzləşirlər. Məsələn, gizli çəkilişlər, telefon dinləmələri və digər əməliyyat-axtarış tədbirləri qanunla qadağan edildiyindən, detektivlər bu fəaliyyətləri həyata keçirə bilmirlər. Hüquqşünaslar Forumu detektiv fəaliyyətinin qanuniləşdirilməsi ilə bağlı layihə hazırlayıb və Milli Məclisə təqdim edib. Lakin layihə hələ də müzakirə mərhələsindədir və qanun qəbul olunmayıb”.
Hüquqşünas bildirir ki, cəmiyyət də buna tam hazır deyil: “Bu, cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Bəzi mütəxəssislər hesab edirlər ki, bu xidmətlərin qanuniləşdirilməsi şəxsi həyatın toxunulmazlığına zərər verə bilər və cəmiyyətdə narazılığa səbəb ola bilər. Ehtimal ki, bu məsələyə Milli Məclisdə yenidən baxılacaq”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”