Azərbaycandan ABŞ-a “Green Card”la gedənlərin sayı azalır
“Nə təhsili, nə peşəsi olmayan, ingilis dilini bilməyən birinin lotereyada qalib gəlib Amerikaya gəlməsi ona heç nə vəd etmir” - ekspert
ABŞ-a leqal yolla köçməyə və işləməyə imkan verən ən böyük proqramın - “Green Card” proqramı üzrə nəticələr açıqlanıb. 2025-ci il Müxtəliflik Vizası proqramına seçimlərin nəticələri mayın 4-də Bakı vaxtilə saat 20:00-dan etibarən məlum olub. 2025-ci ildə ABŞ-da yaşamaq icazəsi verən “Green Card” lotereyasında Özbəkistandan 5564 nəfər seçilərək qaliblərin sayına görə lider olub. Bu barədə “Green Card” nəticələrinin açıqlandığı Kentukki konsulluq mərkəzi məlumat yayıb. Məlumata görə, bu, bütün ölkələr arasında rekord göstəricidir. İkinci yerdə Əlcəzair - 5526, üçüncü yerdə Rusiya - 5519 nəfər. “Green Card” qazananların ümumi sayı 55 000 nəfər olub və hər onuncu qalib Özbəkistandandır. Azərbaycandan isə 1730 nəfər seçilib.
Bundan əlavə, aşağıdakı ölkələrin vətəndaşları da “Green Card 2025" lotereyasını qazanıblar:
İran - 5,267 qalib;
Qırğızıstan - 3,095;
Tacikistan - 2,982;
Ermənistan - 2,971;
Qazaxıstan - 2,004;
Azərbaycan - 1.730;
Gürcüstan - 1.342.
Ən pis nəticələr isə Venesuela, Bruney, Vatikan, Marşal adaları və Norfolk adalarındadır. Bu ölkələrdən “Green Card” qalibi olmayıb. Qeyd edək ki, bütün dünyadan insanlar üçün ABŞ-a leqal köçmək imkanı sayılan "Green Card»a Azərbaycanda da böyük maraq var.
Hər il Azərbaycandan "Green Card» proqramına 60-90 min nəfər müraciət edir. Hələlik 2025-ci il proqramı üzrə Azərbaycandan "Green Card" udanların sayı məlum deyil. Amma əvvəlki illərin təcrübəsi göstərir ki, ölkəmizdən bu proqram üzrə ABŞ-a köçmək üçün müraciət edənlərin qalib gəlmək ehtimalı 1,2-3% arasında dəyişir. Belə ki, Azərbaycandan "Green Card" üçün müraciətlərin sayının çox az olduğu 2015-ci ildə - həmin il 14 min nəfər müraciət etmişdi - bu proqrama 454 nəfər seçilmişdi, bu ümumi müraciətlərin 3,25%i deməkdir. Ondan sonrakı illərdə uduş faizi kəskin azalaraq 1,2-1,3%-ə enib. 2020-ci ildə Azərbaycandan "Green Card" udanların sayı, ümumiyyətlə, 1%-dən də az olub - 91 mindən artıq müraciət sahibinin cəmi 899-u qalib gəldiyinə sevinib. 2021-ci ildə isə "Green Card" uduşu şansı daha da artıb və 2,73%-ə yüksəlib. 2021-ci ildən sonrakı dövr üçün statistik məlumatlar açıqlanmadığına görə, uduş faizini hesablamaq mümkün olmayıb. Ümumiyyətlə isə son Azərbaycandan "Green Card" uduşlarının sayı artmaqdadır. 2019-cu ildə bu proqramın qaliblərinin sayı 1200 nəfəri keçib. Ondan sonrakı illərdə uduş sayı artıb-azalmaqla 2021-ci ildə 1400 nəfərə, 2024-cü ildə isə 2046 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da 2025-ci ildə tətbiq olunan yeni immiqrasiya qaydaları bir sıra çətinliklər yaradıb. Bu dəyişikliklər, xüsusilə Donald Trump administrasiyasının sərt immiqrasiya siyasətləri nəticəsində, hüquqi daimi sakinlər üçün əlavə risklər və qeyri-müəyyənliklər doğurur. Qeyd edilir ki, bir sıra hallarda “Green Card” sahibləri deportasiya riski ilə üzləşə bilərlər. Belə ki, cinayətlərlə bağlı genişləndirilmiş təriflər: “Mənəvi pozğunluq” və ya “ağır cinayətlər” kimi kateqoriyalar genişləndirilib. Hətta əvvəlcə deportasiya üçün əsas sayılmayan kiçik cinayətlər belə indi deportasiya səbəbi ola bilər. Məqsədli saxtakarlıq, məsələn, saxta nikahlar və ya yalan sənədlərlə status əldə edənlər daha ciddi yoxlamalara məruz qalır və deportasiya riski altındadır. Eyni zamanda uzun müddət ABŞ-dan kənarda qalmaq, vergi bəyannaməsi verməmək və ya ABŞ-la zəif əlaqələr (məsələn, iş və ya ailə bağlarının olmaması) rezidentliyin tərk edilməsi kimi qiymətləndirilə bilər. Xüsusilə Hindistan kimi ölkələrdən olan yaşlı “Green Card” sahibləri ABŞ-a qayıdarkən sərhəd nəzarətində əlavə yoxlamalara məruz qalır. Onlardan Form I-407 imzalayaraq rezidentlik statuslarından könüllü imtina etmələri tələb olunur. Bu, onların hüquqlarını məhdudlaşdırır və deportasiya riskini artırır. ABŞ-da bəzi “Green Card” sahibləri siyasi fəaliyyətləri və ya ifadə azadlığı çərçivəsində etdikləri çıxışlara görə hədəf alınaraq saxlanılıb və ya deportasiya ilə üzləşib. Məsələn, Kolumbiya Universitetindəki Fələstinə dəstək aksiyalarında iştirak edən bir tələbə, hüquqi daimi sakin olmasına baxmayaraq, saxlanılıb.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Donald Tramp hakimiyyətə gəldikdən sonra Amerikaya xarici vətəndaşların gəlməsinə münasibət dəyişməkdədir. Ağ Evin yeni rəhbəri indiyə qədər mövcud olmuş "Green Card" lotereya sistemi vasitəsi ilə dünyanın hər yerindən ABŞ-a qaliblərin gəlməsi səmərəli seçim vasitəsi hesab etmir.
Tramp Amerikaya ağıllı və imkanlı adamların gəlməsini istəyir. Əslində məntiqlə də bu dünyanın bir saylı ölkəsinə getməyin ən məqbul yolu hesab edilməlidir . Baxın, yerindən qalxan hər kəs Amerikaya getmək istəyirəm deyib, “Green Card” lotereya oyununda iştirak edir. Lakin adamın bu lotereyada qalib gəldikdən sonra Amerikaya gəlib orada nə edəcəyinə, hansı işlə məşğul olacağına dair təsəvvürü belə yoxdur. Mən Amerikaya tez-tez səfər edənlərdən biriyəm. Orada bəzən “Green Card” vasitəsilə gəlmiş elə əcnəbiyə rast gəlirsən ki, ingilis dilində özünü təqdim edə bilmir. Nə təhsili, nə peşəsi olmayan, ingilis dilini bilməyən birinin lotereyada qalib gəlib Amerikaya gəlməsi ona heç nə vəd etmir. Amerika cəmiyyətində yaşamaq istəyən orada özünü reallaşdırmağı bacarmalıdır. Bu səbəbdən “Green Card” vasitəsilə ABŞ-a gələnlərin bir çoxu sonda geri dönməyə məcbur qalır.
Bildiyim qədər Tramp “Green Card” proqramının tamamilə ləğv edilməsini, əvəzində isə başqa daha mütərəqqi bir proqramın tətbiq edilməsini qarşıya məqsəd qoyub. Yeni proqramla ABŞ-A yalnız imkanlı və bacarıqlı insanların gəlişinə şərait yaradılacaq. Trampın hakimiyyətə gəlişindən sonra bu yolda ilk addım artıq atıldı. Böyük maddi imkanlara sahib olan adamların Birləşmiş Ştatlara gəlməsinə yaşıl işıq yandırıldı. Yeni qaydalara əsasən əcnəbi vətəndaş 5 milyon dollar ödəməklə qızıl karta sahiblənəcək və dərhal Amerika vətəndaşılığına qəbul olunacaq".
Ceyhun Aşurov
Turizm üzrə ekspert Ceyhun Aşurov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycandan əvvəlki illərlə müqayisədə müraciətlərin sayı artır: "Müraciətlərin sayı artsa belə, qaliblərin sayı müqayisədə daha az faiz olaraq görünür. Heç də bütün “Green Card” udanlar Amerikaya getmir. Gedənlər də oradakı reallıqlarla üzləşir, orada qalmaq istəmirlər. Bu da ümumi statistikada özünü göstərir. Orada şərtlər var. Səhv etmirəmsə, 5 il müddətində orada yaşamalıdır, bundan sonra vətəndaşlıq və digər imkanları əldə edə bilərlər".
Mütəxəssislər tövsiyə edir ki, ABŞ-a bu yolla gedənlər müəyyən ehtiyat tədbirləri görməlidir. İş, ailə və ya mülkiyyət kimi əlaqələr gücləndirilməlidir və mütəmadi olaraq vergi bəyannamələri verilməlidir. Səyahət zamanı diqqətli olmaq lazımdır. Uzun müddət xaricdə qalmaqdan çəkinmək, qayıdarkən ABŞ-da yaşama niyyətinizi sübut edən sənədləri (məsələn, işəgötürən məktubu, kirayə müqaviləsi) təqdim etməyə hazır olun. Hüquqi məsləhət almaq mütləqdir. Hər hansı bir hüquqi problem və ya qeyri-müəyyənlik halında, immiqrasiya hüquqşünası ilə məsləhətləşmək lazımdır. Forma I-407 imzalamağa məcbur edilməmək lazımdır. Sərhəddə və ya hava limanında bu formanı imzalamağa məcbur edilirsinizsə, hüquqlarınızı bilməli və lazım gələrsə, hüquqi yardım almalısınız.