Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib.

“İki sahil” xəbər verir ki, müraciətdə deyilir: Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlamışdır. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.

İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir.

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilmiş, torpaq və su ehtiyatları çirkləndirilmişdir. İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir. Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır.

Bu baxımdan, 2026-cı ildə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsi ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

"Xəzər İnşaat Həftəsi" çərçivəsində keçirilən "Rebuild Garabagh" və "BakuBuild" sərgiləri həmin təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır. Əminəm ki, bu tərəfdaşlıqlar konkret layihələrdə də öz əksini tapacaq, Böyük Qayıdışa və regionun uzunmüddətli inkişafına mühüm töhfə verəcəkdir.

Sərginin işinə uğurlar, hər birinizə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.