Ağdamda pestisidlərin təhlükələri ilə bağlı maarifləndirici ekoloji seminar keçirilib
İyulun 3-də Ağdam rayonunda Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində ekoloji maarifləndirmə seminarı təşkil olunub.
Seminarda Ağdam rayonunun fermerləri, eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və Bitki Mühafizəsi İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə rəhbəri Musa Muradlı çıxış edərək bildirib ki, "Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü" layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və qrant müsabiqəsinin qalibi olub. O, layihəyə göstərilən dəstəyə görə Agentliyin rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə edib.
Musa Muradlı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi diqqət və qayğı QHT sektorunun fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir. O, dövlət başçısının qeyri-hökumət təşkilatlarına göstərdiyi dəstəyi yüksək qiymətləndirərək minnətdarlığını bildirib.
Layihə rəhbəri pestisidlərin insan sağlamlığına və ətraf mühitə yaratdığı təhlükələrdən danışıb, layihənin aktuallığını diqqətə çatdırıb və fermerləri pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Seminarda layihənin eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev pestisidlərin düzgün daşınması, saxlanması, tətbiqi və utilizasiyası ilə bağlı geniş təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Müzakirələrdə Ağdam DAİM-in direktor müavini Elşən Qarayev, fermer Yasən Qarayev, "Azərpambıq" ASC-nin əməkdaşı Ərşad Quliyev, "Piaqro" MMC-nin əməkdaşları Hüseyn Əliyev və Məhər Məmmədov fəal iştirak edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara maarifləndirici materiallar, bloknot, qələm və qovluq dəstləri təqdim olunub. Çay süfrəsi ətrafında davam edən səmimi müzakirələr zamanı fermerlər layihənin əhəmiyyətini yüksək qiymətləndirərək bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.




















