Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri çoxəsrlik dərin köklərə əsaslanır


Faqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Qonşu olduğumuz və müstəqilliyin əldə olunmasından indiyədək dostluq münasibətlərimizi, qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyimiz dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan ilə əlaqələrimiz strateji əhəmiyyət daşıyır. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bu əməkdaşlığın əsası kimi dəyərləndirilir.

Digər mühüm məqam Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrinin ilk dayanacağı Gürcüstandır. Azərbaycan nefti və qazı məhz Gürcüstandan keçməklə Avropa bazarlarına çatdırılır. Bu günlərdə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri bütün bu məqamlara işıq saldı.  Prezidentlərin mətbuata birgə bəyanatında dövlətimizin başçısı İlham Əliyev iki dost, qardaş ölkənin birgə iradəsi əsasında həyata keçirilən enerji və nəqliyyat layihələrindən bəhs etdi.

Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyev sözügedən bəyanatında qeyd etdi ki, bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Avropa qitəsində Azərbaycan qazına olan tələbatın ildən-ilə artacağı, Gürcüstanın tranzit ölkə kimi bu layihələrdə vacib rol oynadığı xüsusi vurğulandı. Dövlətimizin başçısı bildirdi ki, Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar:  “Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.

Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri çoxəsrlik dərin köklərə söykənir. 1992-ci ildən başlayan iki ölkə arasındakı diplomatik münasibətlər, xüsusilə, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin yaxın dostluq əlaqələri nəticəsində yüksək zirvəyə çatmışdı. Ümummilli Lider Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq hazırda möhkəm təmələ söykənərək bütün istiqamətlər üzrə daha da inkişaf etdirilir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən layihələr bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlığına böyük stimuldur.

Reallıq budur ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Tərəflər bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək əzmindədirlər.