Cənubi Qafqazda vacib tərəfdaş
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu günlərdə ölkəmizdə rəsmi səfərdə oldu. Bu səfər bir daha Azərbaycan-Avropa İttifaqı, eyni zamanda üzv dövlətlərlə əlaqələrə işıq saldı. Səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yarandı. Əsas diqqət göstərilən məsələlərdən biri Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Cənab İlham Əliyev “Keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub” qeyd edərək vurğuladı ki, COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.
İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu da təsdiqlədi. Ölkəmiz daim əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Əlaqələrin çoğrafiyasının genişlənməsinə Azərbaycanın verdiyi töhfələr beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanla Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafı üçün geniş imkanlar yaranır.
Ümumilikdə Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirir. Ölkəmizin iştirakçısı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.
Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 70-dən artıq sənəd imzalanıb.
İki ölkə arasında humanitar əlaqələrin inkişafından danışarkən qeyd etmək olar ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. Almaniya Prezidenti mətbuata bəyanatında bu məqamlara bir daha diqqəti yönəltdi. Qeyd etdi ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar: “Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik”.
Almaniya Prezidenti onu da əlavə etdi ki, bu cür mübadilədən çox məmnundur. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq: “Cənab Prezident, Siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.