Azərbaycan hər zaman dünyaya ədalət çağırışını edir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dörd ildən artıqdır ki, tarixi Zəfərimizin sevincini yaşayır, yaratdığı reallıqların qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayırıq. Möhtəşəm Qələbəmiz ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya gördü ki, yenilməz, məğlubedilməz, tarixinə və torpaqlarına sahib çıxan xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, dünya gücləri 30 illik işğal dövründə ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədərək ermənilərin başımıza gətirdikləri faciələrə göz yumdu, onların yeni ərazilər uğrunda müharibə planlarına dəstək verdi, amma sonda zəfər çalan ədalət oldu. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı olaraq kimin ədalətin, kimi isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi.
Tarixi həqiqətlər erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini sübut edir. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Tarixə qovuşan Qarabağ münaqişəsi ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranmışdır. 1988-ci ilədək ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətinin xronologiyasına diqqət yetirək. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb. Martın 31-i 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunub.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Belə ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması, bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi, faciələrimizin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsində özünün aydın ifadəsini tapdı. Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifələri daha da zənginləşir. Qarşıya yeni hədəflər qoyulur. Ən əsası ölkəmizin həyatında artıq yeni dövr başlayıb. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışımızdan geniş bəhs edərək qarşıda dayanan əsas vəzifələri açıqladı. Bunlardan biri təbliğat işinin daha da gücləndirilməsidir. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, ancaq əfsuslar olsun ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.