“Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları” təsdiq edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının 15 iyul 2024-cü il tarixli 48 nömrəli Qərarı ilə “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları” təsdiq edilib. Qərar Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına daxil edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin Qaydalar qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanılması proseslərinə dair tələbləri müəyyən edir.
Qaydaların məqsədi fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınmasıdır. Kollegiya Qərarına əsasən tezyetişən çeşidlər istisna olmaqla qabıqlı fındığın istehsalı, emalı və saxlanılması məqsədilə onun tədarükünü həyata keçirən qida zənciri subyektləri tərəfindən qabıqlı fındıq ilkin istehsalın həyata keçirildiyi il sentyabrın 1-dən sonra tədarük edilməlidir. Tədarük edilən qabıqlı fındığın nəmlik miqdarı 12 faizdən çox olmamalıdır. Həmçinin qabıqlı fındığın emalını həyata keçirən qida zənciri subyekti, həmin məhsul tədarük edildikdən sonra ləpələrindəki nəmliyin miqdarı 6 faiz olanadək qurudulmasını təmin etməlidir. Qaydalarda tələb müəyyən edilib ki, qabıqlı fındıq kətan və ya brezent kisələrdə saxlanılmalıdır. Bundan başqa, qabıqlı fındığın saxlandığı anbarlar yaxşı havalandırılmalı, yağış və qrunt sularından mühafizə edilməli, anbarlarda havanın nisbi rütubəti 70 faizdən az, temperatur 0-20° C arasında, məhsulun 3 aydan çox müddət ərzində saxlanılması nəzərdə tutulduğu təqdirdə 0-10° C arasında olmalıdır.
Qeyd edək ki, qida məhsullarında, yemlərdə və müxtəlif quru meyvələrdə temperaturun və rütubətin artması ilə əlaqədar olaraq kif göbələkləri yaranır. Kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə ifraz edir. Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və saxlanılmaması nəticəsində yaranır.
Agentlik hesab edir ki, “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə Kollegiya Qərarı bu sahədə sahibkarlığın daha da inkişafına öz töhfəsini verəcək, ölkəmizdə istehsal olunan fındıq məhsullarının xarici bazarlara ixracının davamlılığını təmin edəcək.