Kiçik ada Dövlətlərinin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. İqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin səsi ilk dəfə məhz Bakıda təşkil edilən qlobal arenada eşidildi. Tədbirdəki çıxışında “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir” deyən dövlətimizin başçısı bildirdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Sammit iqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuşdur, geniş müzakirələr iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərləri ilə aparılmışdır. Həmçinin vurğulanmışdır ki, Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olmuşdur, iqlim fəaliyyətində rolunun artması, güclü beynəlxalq tərəfdaşlıqların qurulması, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığın gücləndirilməsi son illərdə şahid olduğumuz uğurların kiçik bir hissəsidir. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib.
Prezident İlham Əliyevin hər bir çıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. Prezident İlham Əliyev Sammitdəki çıxışında da Avropa təsisatlarına xəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək. Prezident İlham Əliyevin hər iki tədbirdəki çıxışında səsləndirdiyi önəmli fikirlər Dövlətimizin başçısı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında xüsusi qeyd etdi ki, COP29-un ev sahibi seçildikdən sonra Azərbaycanın inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.
Biz Qoşulmama Hərəkatına sədrliyimiz zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir. Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Əlavə olaraq qeyd etmək lazımdır ki, ölkələrin 73%-i iqlim xərclərini işarələmir və ya yalnız daxili iqlim maliyyəsini izləmək üçün mexanizmlərə malikdir. Bu isə öz növbəsində hökumətin birbaşa və dolayı iqlim xərclərinin izlənməsini zəiflədir. Eyni zamanda, iqlim fəaliyyətinə cəlb olunan özəl sektorun investisiyaları üzrə də izlənmə mexanizmlərində çatışmazlıqlar mövcuddur.
Azərbaycan COVID-19 pandemiyası dövründə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maddi yardımlar göstərdi. Prezident İlham Əliyev “peyvənd millətçiliyi”nə qarşı mübarizə çağırışı ilə vaksinlərin ədalətli bölünməsi təşəbbüsünü irəli sürdü. Hazırki dövrdə neokolonializm meyillərinin artmasından narahatlığını Bakı Təşəbbüs Qrupunu yaratmaqla bildirən Azərbaycanın qısa müddətdə gördüyü işlər beynəlxalq səviyyədə dəstəklənir. Fransanın beynəlxalq hüquqa və ədalətə zidd olan müstəmləkəçilik siyasəti Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sammitlərində də gündəmə gətirildi, qınanıldı. Təbii ki, Fransanın bu mənfur siyasətinə son qoyması üçün digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə böyük zərurət var. Son illərdə neokolonializmə qarşı mübarizə bütün Afrika ölkələrini bürüyüb. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamları, soyqırımları təsdiqləyən xeyli sayda faktlar var. Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında bu faktları da diqqətə çatdırdı ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün - XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını da əlavə etsək, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.
Ümumiyyətlə aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümid edirik. COP29 iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platforma olaraq yadda qalacaqdır.
Vüqar Babayev, YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin İnsan resursları və xüsusi işlər üzrə mütəxəsisi